Hindistanın qərbində yerləşən Mumbay şəhərində ictimai yerlərdə göyərçinlərin bəslənməsi qadağan olunub.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, şəhər bələdiyyəsinin qərarı ictimai səhiyyə müdafiəçiləri, heyvan hüquqları fəalları və yerli sakinlər arasında ciddi müzakirələrə səbəb olub.
Ənənəvi yemləmə məkanları – “kabutarxana”ların bağlanmasına qarşı çıxan yüzlərlə insan bu ay iki dəfə polisə qarşı etiraz aksiyası keçirib, nəticədə çox sayda iştirakçı saxlanılıb.
Mumbay Bələdiyyəsi qərarı göyərçin nəcisinin tənəffüs yolları xəstəliklərinə səbəb olduğunu bildirərək əsaslandırıb. Alimlərin fikrincə, göyərçin nəcisinin uzunmüddətli təsiri pnevmoniya, göbələk infeksiyası və ağciyər xəstəliklərinə yol aça bilər.
Oxşar tədbirlər digər şəhərlərdə də həyata keçirilir. Pune və Thane şəhərlərində göyərçinləri bəsləyənlərə cərimələr tətbiq edilir, paytaxt Dehlidə isə yaxın vaxtlarda qadağanın pozulmasına qarşı xəbərdarlıqların verilməsi planlaşdırılır.
Qərar xüsusilə heyvan hüquqları fəalları və dini icmaların etirazına səbəb olub. Cayn icmasının nümayəndələri göyərçinlərin yemlənməsini dini borc kimi qəbul etdiklərini bildiriblər. Qeyd olunur ki, Mumbaydakı bəzi kabutarxanalar həm də mədəni irs nümunəsi hesab olunur və bu yerlər icmalar tərəfindən xeyriyyə məqsədilə taxıl paylanması üçün yaradılıb.
2023-cü ildə açıqlanan “Hindistanda quşların vəziyyəti” hesabatına görə, ölkədə göyərçinlərin sayı 2000-ci ildən bəri 150 faizdən çox artıb.
Gundelik.az

