Hindistan hakimiyyəti qarşıdakı 10 il ərzində ölkənin milli raketdən müdafiə sistemini işə salmağı planlaşdırır.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə qərargah rəisi Anil Çauhan məlumat verib.
Onun sözlərinə görə, yerli istehsal hesabına hazırlanacaq sistem “Sudarşana çakrası” adlanacaq və İsrailin “Dəmir Qübbəsi”nə bənzər şəkildə strateji, mülki və milli əhəmiyyətli obyektləri qoruyacaq. Sistem düşmən raketlərini və pilotsuz uçuş aparatlarını aşkar edərək məhv etmək imkanına malik olacaq.
Çauhan bildirib ki, layihə 2035-ci ilədək istifadəyə veriləcək. Hindistanın baş naziri Narendra Modi də ölkənin Müstəqillik Günü çıxışı zamanı milli təhlükəsizlik sisteminin “genişləndirilməsi, gücləndirilməsi və modernləşdirilməsi” layihəsinə start verildiyini açıqlayıb. Onun sözlərinə görə, yeni sistem yalnız müdafiə deyil, həm də əks-hücum imkanları yaradacaq.
Xatırladaq ki, may ayında Hindistan ordusu “Sindoor” əməliyyatı çərçivəsində Pakistanın nəzarətində olan Kəşmir bölgəsinə və bu ölkənin ərazisindəki hərbi infrastruktura hava zərbələri endirmişdi. Cavab olaraq Pakistan da hücumlar həyata keçirmiş, tərəflər raketlərdən, PUA-lardan və döyüş təyyarələrindən istifadə etmişdilər.
Bundan bir gün əvvəl, avqustun 14-də Pakistan hakimiyyəti ölkənin silahlı qüvvələrinin tərkibində raket qoşunları yaratmaq planını açıqlamışdı.
“Bloomberg:in Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna istinadən yaydığı məlumata görə, Hindistan idxal etdiyi silahların həcminə görə dünyada Ukraynadan sonra ikinci yerdə qərarlaşıb.
Gundelik.az
