“Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik”.
Gundelik.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forumunda deyib.
O bildirib ki, bundan sonra yekun sülhün imzalanması və ya yekun sülh sazişi bir reallığa çevriləcək:
“Qafqazda sülh və təhlükəsizliyə nail olmuşuq. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, ehtimal ki, bölgəmizdə daha fərqli proseslər və fərqli reallıqlarla qarşılaşa bilərdik. Çünki daha geniş Yaxın Şərq regionunda gördüyümüz qeyri-sabitlik potensial olaraq bizim regiona da yayıla bilərdi. Bura öz immun sisteminə malikdir və uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi artıq həll olunub. Azərbaycan da Yaxın Şərqdəki regional proseslərdən narahatdır. Mövcud durğunluğun dinc və danışıqlar yolu ilə həlli üçün hər hansı bir perspektiv görmədiyimizə görə təəssüf edirik. Lakin biz özümüzü ətraf regionda uzunmüddətli ehtimal olunan qeyri-sabitliyə qarşı hazırlayırıq”.
