Bu araşdırma hamiləliyin niyə unutqanlığa səbəb ola bildiyinə aydınlıq gətirir. Bəzən “momnesia” (“ana unutqanlığı”), “mommy brain” (“ana beyni”), “pregnancy brain” (“hamiləlik beyni”) və ya “baby brain” (“körpə beyni”) adlandırılır, bir çox qadının hamiləlik dövründə yaşaya biləcəyi unutqanlıq, zehni bulanıqlıq və koqnitiv dəyişikliklər.
Məsələn, qadın mətbəxə daxil olub ora niyə gəldiyini unuda və ya avtomobilinin açarlarını hamamda qoyduğunu sonradan xatırlaya bilər.
Gundelik.az xəbər verir ki, “Reuters” bununla bağlı araşdırma aparıb.
Araşdırmada bildirilir ki, alimlər bunun real bioloji hadisə olduğunu bilirlər. İndi isə onlar mümkün izah müəyyən ediblər: hamiləlik zamanı uzun müddət yüksək səviyyədə qalan estrogen hormonunun təsiri altında beyindəki konkret bir sinir dövrəsinin fəaliyyətinin pozulduğunu aşkarlayıblar.
Tədqiqatçılar hamiləlik dövründə estrogen səviyyəsinin uzun müddət yüksək qalmasını təqlid etmək üçün laboratoriya siçanları üzərində təcrübələr aparıblar. Nəticələr göstərib ki, bu vəziyyət heyvanlarda əhval-ruhiyyədə dəyişiklik yaratmadan müvəqqəti yaddaş pozuntusuna səbəb olub.
Siçanlarda bu vəziyyətin əsasını yüksək estrogen səviyyəsinin beynin iki strukturu nəzarət mərkəzi və inteqrasiyaedici əlaqələndirici rolunu oynayan hipotalamusla yaddaşın formalaşmasında əsas rol oynayan hipokamp arasındakı neyron yoluna təsiri təşkil edib.
Tədqiqatçılar müəyyən ediblər ki, yüksək estrogen hipotalamusdakı neyronların fəaliyyətini artırır. Bu isə öz növbəsində hipokampdakı neyronların fəaliyyətini zəiflədir və yaddaşı pisləşdirir.
“Momnesia” ən çox hamiləliyin son mərhələsində özünü göstərir və doğuşdan sonrakı dövrdə də davam edə bilər, lakin adətən doğuşdan sonra tədricən aradan qalxır. Həm qısamüddətli, həm də uzunmüddətli yaddaş təsirlənə bilər. Buraya məkan, sosial və verbal yaddaş da daxildir. Məsələn, qadınlar adları və ya sözləri xatırlamaqda çətinlik çəkə, yaxud əvvəllər tanış olan məlumatları yada salmaqda çətinlik yaşaya bilərlər.
Baylor Tibb Kollecində endokrinologiya və molekulyar biologiya üzrə ixtisaslaşmış tibb professoru və “Science Bulletin” jurnalında dərc olunan tədqiqatın rəhbərlərindən biri doktor Çjenq Sun bildirib:
“Bu, ciddi və ya tibbi baxımdan əlilliyə səbəb olan bir vəziyyət deyil, baxmayaraq ki, gündəlik fəaliyyətə və özünəinam hissinə təsir göstərir”.
Sunun sözlərinə görə, tipik nümunələr arasında otağa niyə daxil olduğunu unutmaq, əşyanı harada qoyduğunu xatırlamamaq, söhbətin məğzini itirmək və ya görüşlər üçün xatırlatmalara ehtiyac duymaq var.
“Bu, geniş yayılmış haldır. Hamilə qadınların təxminən 80%-i bu cür dəyişiklikləri hiss etdiyini bildirir. Lakin bu göstərici əsasən insanların özlərinin verdiyi məlumatlara və subyektiv təcrübələrinə əsaslanır, obyektiv testlərə deyil”, – Sun deyib.
Nəticələr göstərir ki, bu hadisə koqnitiv qabiliyyətlərin ümumi şəkildə zəifləməsi demək deyil.
“Əsas məqam ondan ibarətdir ki, hamiləlik insanı sadəcə olaraq ‘daha az ağıllı’ etmir. Təsirlər daha incə xarakter daşıyır və müəyyən koqnitiv tapşırıqlara xas görünür”, – Luiziana Dövlət Universitetinin Pennington Biotibbi Tədqiqat Mərkəzində Beynin Qlükoza və Metabolizmə Nəzarəti Laboratoriyasının direktoru və tədqiqatın digər rəhbəri doktor Yanlin He bildirib.
SİÇANLAR ÜZƏRİNDƏ TƏCRÜBƏLƏR
Siçanlar üzərində aparılan təcrübələr beyində nələrin baş verdiyinə aydınlıq gətirib.
Estrogen qadın orqanizmində hamiləliyi, menstrual tsikli və cinsi yetişkənliyi tənzimləyən hormondur. O, orqanizmin dölü daşımasını və dəstəkləməsini, dölün inkişafını və doğuşa hazırlığı təmin edən fiziki dəyişiklikləri stimullaşdırır. Estrogenin səviyyəsi hamiləlik dövründə artır və üçüncü trimestrdə ən yüksək həddə çatır.
Tədqiqatçılar müəyyən ediblər ki, “estrogen reseptoru alfa” adlı zülal estrogenin siqnallarını hipotalamusdakı hüceyrələrə ötürür.
Bu nahiyədə adətən beynin digər hissələrinə sakitləşdirici siqnallar ötürən GABAergik neyronlar adlanan çoxlu sayda beyin hüceyrəsi yerləşir.
Tədqiqat göstərib ki, yüksək estrogen səviyyəsi siçanlarda bu neyronların inhibitor, yəni fəaliyyəti zəiflədən siqnallarını həddindən artıq gücləndirir və bu, birbaşa hipokampa təsir göstərir.
Tədqiqatçılar obyektləri və onların yerləşdiyi məkanları tanımaq da daxil olmaqla müxtəlif yaddaş testləri keçiriblər. Yüksək estrogen səviyyəsi verilən siçanlarda bu testlərin nəticələri belə estrogen səviyyəsinə məruz qalmayan siçanlarla müqayisədə yaddaş pozuntusunu göstərib.
Tədqiqatçılar hipotalamusdan hipokampa gedən neyron yolunu eksperimental olaraq söndürdükdə, siçanlarda estrogenin yaratdığı yaddaş problemləri artıq müşahidə olunmayıb.
Lakin eyni neyron yolunu eksperimental şəkildə aktivləşdirdikdə, estrogen səviyyəsi yüksəlmədən belə siçanlarda yaddaş pozuntusu yaranıb.
Sun əlavə edib:
“Bu hipotalamus neyronlarından estrogen reseptorlarını genetik yolla çıxardıqda, siçanlarda estrogen və hamiləlik nəticəsində yaranan yaddaş problemləri də aradan qalxdı. Ehtimal edirik ki, oxşar neyron dövrəsi insanlarda da oxşar rol oynaya bilər. Lakin bu cür invaziv tədqiqatı birbaşa insanlar üzərində aparmaq mümkün deyil”.
Tədqiqatçılar siçanlar üzərindəki təcrübələri 70 qadının yaddaş göstəricilərinin qiymətləndirildiyi araşdırma ilə tamamlayıblar. İştirakçılar arasında hamiləliyin müxtəlif mərhələlərində olan qadınlarla yanaşı, hamilə olmayan qadınlar da olub.
Onlara uzunmüddətli, qısamüddətli və işçi yaddaşı qiymətləndirən testlər tətbiq edilib. Bu testlər hamiləliyin son mərhələsində yaddaş pozuntularının meydana çıxdığını və bunun qanda dövr edən yüksək estrogen səviyyəsi ilə əlaqəli olduğunu göstərib.
He isə qeyd edib:
“Əsas məqam ondan ibarətdir ki, qanda dövr edən estrogen səviyyəsinin yüksək olması digər mümkün təsiredici amillər nəzərə alındıqdan sonra belə yaddaşla bağlı bir sıra göstəricilər üzrə daha zəif nəticələrlə əlaqəli idi. Bu, siçanlarda müəyyən etdiyimiz mexanizmlə uyğun gələn insan məlumatlarını ortaya qoyur”.
Lakin He vurğulayıb ki, tədqiqatçılar hamilə qadınlarda bu spesifik neyron dövrəsini birbaşa manipulyasiya etməyib və ya ölçməyiblər.
“Buna görə də insanlar üzərində əldə etdiyimiz nəticələr irəli sürdüyümüz hipotezi dəstəkləyir, lakin siçanlar üzərində aparılan təcrübələrdəki səbəb-nəticə əlaqəsi ilə eyni səviyyədə səbəbli əlaqəni təsdiqləmir”, – He sözlərini yekunlaşdırıb.
Nurəddin Abdullayev
Gundelik.az
