Son günlər Azərbaycanda normadan artıq yağan intensiv yağışlar fərdi yaşayış evləri üçün ciddi problemlər yaradıb. Bir sıra ərazilərdə həyət evləri subasmaya məruz qalıb ki, bu da sakinlər üçün həm maddi, həm də sosial çətinliklərə səbəb olub. Yaranmış vəziyyətin fərdi həyət evlərinə olan marağa və daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcəyi isə hazırda ən aktual müzakirə mövzularından birinə çevrilib.
Gundelik.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında fikirlərini bölüşüb.
Həmin fərdi həyət evlərinin bu cür problemlərlə üzləşəcəyinin əvvəldən də gözlənilən olduğunu xatırladan ekspertin sözlərinə görə, o tikililərin əksəriyyəti qanunsuzdur:
“Bir çoxları bunları “makler evləri” də adlandırır. Bu evləri adətən ucuz başa gəlmək üçün keyfiyyətsiz tikir və müəyyən bir formaya gətirib vətəndaşlara satırlar. Amma bir müddətdən sonra o evlər nəm çəkərək yararsız hala düşür və eyni zamanda qrunt sularının qalxması o evlərə ziyan vurur. Yağışlar olduqda isə onsuz da su ilə doymuş torpağın üstünə yağış da yağdıqda və bu suyun da axacaq yerləri olmadıqda bu cür problem yaşanır. Həm də həmin ərazilərdə kanalizasiya sistemi mövcud deyil”.
R.Qasımzadə bildirib ki, bu cür problemlər əlbəttə ki, həmin evlərin qiymətinə və satışına təsir göstərir:
“Yəni həm ucuzlaşmasına, həm də satışının ləngiməsinə səbəb olur. Təbii ki, o halları müşahidə edən, görən insanlar o evləri almaq istəmir. Ancaq bu problem elə də uzun çəkməyəcək, yəni müəyyən müddətdən sonra unudulacaq. Yay aylarında yaddan çıxacaq. Çünki yay aylarında həyət evlərinə maraq artır. Ancaq onu da qeyd edim ki, yaranmış bu vəziyyət bütün ərazilər üzrə təsir göstərməyəcək, xüsusilə kanalizasiya sistemi olmayan ərazilərə təsir göstərir”.

