Empatiya sağlam münasibətlər qurmaq üçün vacibdir. Lakin onun sərhədini düzgün müəyyənləşdirmək və həddi aşmamağa çalışmaq lazımdır. Çünki insanları anlamaq üçün həddindən artıq səy göstərmək emosional çökməyə səbəb olur. Hiperempatiya adlandırılan bu vəziyyət başqa problemlərə də yol açır.
Empatiya başqalarının emosional vəziyyətini və baxış bucağını anlamaq, hisslərini anlayışla qarşılamaq və onların emosional təcrübələrini bölüşmək bacarığı kimi qəbul edilir.
Həyat boyu qarşılaşdığımız müxtəlif problemlər zamanı çətin vəziyyətdə olan insanları anlamaq və onlara kömək etmək istəyirik. Bəzən bu insan ailə üzvümüz və ya yaxın dostumuz olur. Bəzən isə dünyanın heç tanımadığımız yerlərində ağır şəraitdə həyata tutunmağa çalışan insanlar olur. Empatiya hər zaman arzuolunan bir xüsusiyyət hesab edilir.
Lakin bu hissləri həddindən artıq intensiv yaşamaq hiperempatiya sindromuna gətirib çıxarır. Bu vəziyyət insanın normadan daha güclü emosional empatiya qabiliyyətinə malik olması, ətrafındakı insanların emosional vəziyyətlərini həddindən artıq həssaslıqla qəbul etməsi və onların hisslərini dərindən yaşaması ilə özünü göstərir.
Hiperempatiyanın hansı problemlərə səbəb olduğunu və bunun öhdəsindən necə gəlməyin mümkünlüyünü Klinik Psixoloq Uluğ Çağrı Beyaz izah edir.
Həddindən artıq həssaslıq hiperempatiyaya yol açır
“Hiperempatiya yaşayan insanlar başqalarının sevincini və ya ağrısını çox intensiv şəkildə yaşayır və bu emosional təcrübələri sanki öz hissləri kimi qəbul edirlər”, – deyə Uluğ Çağrı Beyaz bildirir.
Onun sözlərinə görə, bu vəziyyət həmin insanların emosional bağ qurmaq qabiliyyətlərinin güclü olması ilə əlaqələndirilir. Ətrafına qarşı həddindən artıq həssas olan insanlarda bu vəziyyət bir sıra problemlərə səbəb olur:
“Bu hal insanın öz emosional sərhədlərini qorumaqda çətinlik çəkməsinə, həddindən artıq stress yaşamasına və emosional tükənmişlik hiss etməsinə səbəb olur. Hiperempatiya sindromunun təsirləri insandan insana dəyişə bilər. Lakin əsasən emosional yükün həddindən artıq ağır hiss edilməsi və bunun şəxsi rifaha mənfi təsir göstərməsi ilə özünü göstərir.”
Hiperempatiya ən çox kimlərdə görülür?
Hiperempatiya sindromuna adətən emosional həssaslığı yüksək olan insanlarda daha çox rast gəlinir. Bu insanlar ətrafındakı şəxslərin emosional vəziyyətini dərindən hiss edə, güclü emosional bağlar qurmağa meyilli ola bilərlər.
Ətrafındakı insanları dinləmək bacarığı güclü olan, xarici təsirlərə qarşı həssas və eyni zamanda “xeyr” deməkdə və sərhəd qoymaqda çətinlik çəkən insanlar da bu vəziyyətdən əziyyət çəkirlər. Şəfqətli və ətrafındakılara qarşı həddindən artıq qayğıkeş insanlarda da daha çox müşahidə olunur.
Hiperempatiya sindromuna hansı hallar səbəb olur?
Hiperempatiya sindromunun inkişafına səbəb ola biləcək bir sıra amillər var. Bunlar insandan insana dəyişsə də, travmatik təcrübələr, uzunmüddətli və ya güclü stress, eləcə də bunun nəticəsində emosional reaksiyaların artması əsas amillər sırasında yer alır.
Klinik Psixoloq Beyaz digər amilləri belə izah edir:
“Davamlı olaraq başqalarının ağrılarına şahid olmaq və ya onlarla empatiya qurmağa çalışmaq, emosional baxımdan çətin mühitdə olmaq, bunun nəticəsində emosional həssaslığın artması, insanın xarakter etibarilə yardımsevər olması, uşaqlıq dövründə yaşanan ağır və intensiv təcrübələr, təsir göstərən, nəzarətçi və emosional manipulyasiyaya meyilli valideyn münasibətlərinə məruz qalmaq hiperempatiya sindromunun yaranmasına səbəb olur.
Lakin hər insan fərqlidir. Buna görə də hiperempatiya yaşayan şəxslərdə konkret tətikləyicilər şəxsi təcrübələrlə də əlaqəli ola bilər.”
Başqalarının emosional yükü ağır gələ bilər
Ətrafındakı insanların emosional yükünü daşıyan şəxslər bu prosesin yaratdığı ağırlıq səbəbindən həddindən artıq stress və yorğunluq yaşaya, emosional tükənmişlik hiss edə bilərlər.
Beyaz bildirir ki, bu vəziyyət insanın öz emosional sərhədlərini müəyyənləşdirməsinə mənfi təsir göstərməklə yanaşı, şəxsi rifahını da pozur.
Güclü empatiya qabiliyyətinə malik insanlar başqalarının emosional təcrübələrini çox dərindən hiss etdikləri üçün öz emosional sərhədlərini qorumaqda çətinlik çəkə bilərlər:
“Başqalarının emosional yükünü davamlı olaraq daşımağa çalışmaq şəxsi münasibətlərdə də problemlərə səbəb olur. Emosional ağırlıq ünsiyyət çətinliklərinə və münaqişələrə gətirib çıxarır. Bundan əlavə, başqalarının emosional ehtiyaclarına həddindən artıq fokuslanmaq bu insanların öz emosional ehtiyaclarını diqqətdən kənarda qoymasına səbəb olur.”
Hiperempatiya sindromunu necə anlamaq olar?
Klinik Psixoloq Uluğ Çağrı Beyaz hiperempatiya sindromunun özünü göstərmə formasının insandan insana dəyişə biləcəyini bildirir.
Əsas əlamətlər arasında:
daim başqalarının emosional problemlərinə fokuslanmaq və onları normadan daha güclü hiss etmək;
ətrafındakı insanların sevinc, xoşbəxtlik, ağrı və ya kədərinə qarşı həddindən artıq emosional reaksiyalar göstərmək;
başqalarının emosional təcrübələri ilə öz emosional sərhədlərini qorumaqda çətinlik çəkmək;
səslərə və digər xarici və ya duyusal stimullara qarşı həddindən artıq həssas olmaq;
fikir ayrılığı, münaqişə və mübahisələrdən aktiv şəkildə qaçmaq;
ətraf mühitdəki təsirlərə qarşı fiziki və emosional həssaslığın artması;
qarşı tərəfdən emosional asılılıq hiss etmək.
Bu əlamətlər müşahidə olunduqda hiperempatiya sindromundan şübhələnmək mümkündür.
Hiperempatiya sindromundan qorunmağın yolları
Klinik Psixoloq Beyazın sözlərinə görə, hiperempatiya sindromunun qarşısını almaq üçün ilk növbədə insanın yaşadığı vəziyyəti fərq etməsi vacibdir.
Bu vəziyyəti yaşayan insanlar bəzən həddindən artıq empatiya göstərməyin vicdani məsuliyyət olduğuna inanır və “Belə etməsəm, məndən xoşlanmazlar və ya məni sevməzlər”, “Başqalarını anlamağa və onlara kömək etməyə məcburam” kimi düşüncələrə qapılırlar. Bu düşüncələr təkrarlanan və dağıdıcı xarakter alaraq insanın həmin dövrandan çıxa bilməməsinə səbəb olur.
Bunun öhdəsindən gəlmək üçün:
emosional sərhədləri müəyyənləşdirmək;
başqalarının emosional yükünü üzərinə götürməkdən çəkinmək;
qarşı tərəfə sərhəd qoymağı öyrənmək;
özünə hörmət və özünə dəyər hissini inkişaf etdirmək;
“xeyr” demək bacarığını məşq etmək;
şəxsi maraqlara və hobbilərə vaxt ayırmaq faydalı olur.
Bundan əlavə, peşəkar dəstək almaq da mühüm əhəmiyyət daşıyır. Bu prosesdə insanın hiperempati yaşamasına səbəb olan düşüncə və inancların dəyişdirilməsinə yönəlmiş psixoloji çalışmalar olduqca faydalı olur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
