Gundelik.az Mədəniyyət və cəmiyyət Gündə iki dəfə diş fırçalamaq niyə həmişə ən yaxşı seçim deyil?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gündə iki dəfə diş fırçalamaq niyə həmişə ən yaxşı seçim deyil?

Sağlam dişlər üçün əsas qaydalardan biri gündə iki dəfə dişləri fırçalamaqdır. Lakin mütəxəssislər bildirirlər ki, fırçalama sayından çox, bunu düzgün etmək və bəzi vacib səhvlərdən qaçmaq önəmlidir.

Birmingem Universitetinin Diş Həkimliyi Fakültəsindən doktor Praveen Sharma İngiltərədə böyüklərin təxminən yarısının həyatının müəyyən dövründə diş əti xəstəliyi ilə qarşılaşdığını bildirir. Diş ətinin qanaması və şişməsi isə xəstəliyin erkən əlamətləri arasında olur.

Dişləri necə düzgün fırçalamaq lazımdır?

1. Bir dəfə hərtərəfli fırçalamaq, iki dəfə tələsik fırçalamaqdan yaxşıdır

İmkan varsa, dişləri gündə iki dəfə düzgün şəkildə fırçalamaq tövsiyə olunur. Ancaq vaxt məhduddursa, gündə bir dəfə hərtərəfli fırçalamaq və dişlərarası təmizliyi təmin etmək daha faydalı olur. Bu zaman axşam saatlarına üstünlük verilməsi məsləhətdir.

Dişlərin xarici, daxili və çeynəmə səthlərinin hamısı təmizlənməli, diş əti ilə dişin birləşdiyi hissəyə xüsusi diqqət yetirilməlidir. Fırçalama zamanı güclü təzyiq əvəzinə kiçik dairəvi hərəkətlərdən istifadə etmək lazımdır. Diş ipi və ya dişlərarası fırçalar da faydalıdır.

2. Dişləri səhər yeməyindən əvvəl fırçalamaq daha məqsədəuyğundur

Yemək və içkilərdə, xüsusilə meyvə şirəsi və qəhvədə olan turşular diş minasını müvəqqəti yumşaldır. Buna görə səhər yeməyindən dərhal sonra dişləri fırçalamaq minanın aşınmasına səbəb olur.

Səhər yeməyindən sonra fırçalamaq istəyirsinizsə, ən azı 30 dəqiqə gözləmək və bu müddətdə ağzı su ilə yaxalamaq tövsiyə olunur.

3. Fırçaladıqdan sonra ağzı su ilə yaxalamayın

Dişləri fırçaladıqdan sonra sadəcə tüpürmək, lakin ağzı su ilə yaxalamamaq məsləhətdir. Su ilə yaxalamaq diş məcunundakı flüoridin təsirini azaldır.

Ağız yaxalayıcısından istifadə etmək istəyirsinizsə, bunu dişləri fırçaladıqdan dərhal sonra deyil, günün başqa vaxtında etmək daha məqsədəuyğundur.

4. Bahalı diş məcunu mütləq daha yaxşı deyil

Ağardıcı, kömürlü və mina gücləndirici çoxsaylı diş məcunları satılır. Lakin mütəxəssisə görə, əsas məsələ diş məcununda flüoridin olmasıdır.

Flüorid diş minasını qorumağa və kariyesin qarşısını almağa kömək edir. Diş əti həssaslığı kimi xüsusi probleminiz varsa, diş həkimi sizə uyğun diş məcunu tövsiyə edir.

Mütəxəssislər həmçinin diş həkiminə mütəmadi müraciətin ağız və diş sağlamlığının qorunmasında vacib olduğunu vurğulayırlar.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version