Gələn il büdcədə 2 əsas istiqamət üzrə xərclər azalır. Bu, 2 istiqamətdə biri ümumi dövlət xidmətləridir. Bu xərclər 5,52 mlrd. manatdan 5,51 mlrd. manata düşərək, 12 mln. manat və ya 0,2% azalıb.
Bunu Gundelik.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, bu ciddi azalma deyil: “Üstəlik bu bölmənin böyük hissəsi yalnız dövlət aparatının saxlanmasına getmir. Məsələn, 2026-cı ildə bu xərclərin 44,6%-i dövlət borcuna xidmətlə bağlı olub.
Amma əsas azalma 51% olmaqla başqa istiqamətdədir.
Belə ki, “Əsas bölmələrə aid edilməyən xidmətlər” üzrə xərclər 1,75 mlrd. manatdan 857,6 mln. manata düşür. Azalma təxminən 895 mln. manat və ya 51%-dir.
Bəs niyə?
2026-cı ildə bu istiqamətə ayrılan 1,75 mlrd. manatın 70%-i bölüşdürülməmiş xərclər idi. Yəni vəsaitin əhəmiyyətli hissəsi əvvəlcədən konkret istiqamətlər üzrə bölüşdürülmürdü”.
İqtisadçı vurğulayıb ki, Hesablama Palatası da belə xərclərin büdcədə payının azaldılması imkanlarının olduğunu qeyd edib.
“Ona görə 51%-lik azalmanı sadəcə xərcin ixtisarı kimi yox, büdcənin optimallaşdırılması, bölüşdürülməmiş vəsaitlərin azaldılması və pulun əvvəlcədən daha konkret istiqamətlər üzrə planlaşdırılması kimi qiymətləndirmək daha doğru olar.
Əlqərəz, azalma büdcənin cəmi iki əsas xərc istiqamətini əhatə edir. Daxildə konkret hansı alt istiqamətlər üzrə dəyişikliklərin olacağı isə hələ məlum deyil. Ümumi mənzərədə qeyri-adi bir vəziyyət yoxdur. Əksinə, edilməli olan optimallaşdırma aparılır”, – Eldəniz Əmirov qeyd edib.

