Yeni araşdırmaya görə, hər gün cəmi beş dəqiqəlik fiziki aktivlik milyonlarla insanın daha uzun və sağlam yaşamasına kömək edə bilər. Alimlər bildirirlər ki, sürətli yerimək, pilləkən qalxmaq və ya velosiped sürmək kimi orta intensivlikli hərəkətlər belə vaxtından əvvəl ölüm riskini azaldır.
Araşdırma Böyük Britaniya, ABŞ və Skandinaviya ölkələrindən 150 min insanın məlumatları əsasında aparılıb. Tədqiqatın rəhbəri, Ulf Ekelund deyib ki, gündəlik cəmi beş dəqiqəlik əlavə hərəkətin belə böyük təsir göstərməsi onları təəccübləndirib.
Mütəxəssislər qeyd edirlər ki, bu, yalnız beş dəqiqə idmanın kifayət etdiyi anlamına gəlmir. Amma heç hərəkət etməməkdənsə, kiçik aktivlik artımı belə sağlamlığa müsbət təsir edir. Xüsusilə də az hərəkətli həyat tərzi keçirən insanlar üçün bu dəyişiklik əhəmiyyətlidir.
Araşdırmaya əsasən:
Gündə 5 dəqiqə orta intensivlikli idman vaxtından əvvəl ölüm hallarının təxminən hər 10 nəfərdən birində qarşısını ala bilər.
Gün ərzində oturaq vaxtı 30 dəqiqə azaltmaq erkən ölüm riskini 7% aşağı sala bilər.
Qısa fasilələrlə edilən “exercise snacking” — yəni gün ərzində kiçik hərəkət “qəlyanaltıları” — ürək sağlamlığı və əzələ dözümlülüyü üçün faydalıdır.
Mütəxəssislər deyirlər ki, idman etmək üçün mütləq zala getmək lazım deyil. Məsələn:
pilləkənlə qalxmaq,
ev işi görmək,
musiqi altında rəqs etmək,
maşını bir qədər uzaqda saxlamaq,
televizora baxarkən squat və ya press-up etmək də faydalı ola bilər.
Nicole Logan bildirir ki, fiziki aktivlik stress və tükənmişlik səviyyəsini azaltmağa kömək edir. Əzələ gücü və sümük sağlamlığı isə uzunömürlülüyün əsas göstəricilərindəndir.
Mütəxəssislərin fikrincə, əsas məsələ davamlılıqdır. Kiçik addımlarla başlayıb, hərəkəti gündəlik vərdişə çevirmək uzunmüddətli fayda verir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
