Günəş yanığına bənzəyən gül kələmini və ya öz üzərinə doğru qıvrılmış xiyarı alardınızmı?
Böyük Britaniyada fermerlər son onilliklərin ən quraq və isti becərmə mövsümlərindən biri ilə üz-üzədir. Yazın normadan daha isti keçməsindən sonra təkrarlanan istilik dalğaları ölkədə rekordlar aparılmağa başlanandan bəri ən zəif məhsul mövsümünün yaşana biləcəyi ilə bağlı proqnozlara səbəb olub.
İsti hava yalnız yetişdirilən məhsulun miqdarına deyil, onların görünüşünə də təsir göstərir.
Pərakəndə satıcılar adətən ölçü, forma və rənglə bağlı ciddi tələblərə cavab verməyən meyvə-tərəvəzi qəbul etmirlər. Lakin məhsul qıtlığı yaşandığı üçün bir çox mağazanın bu qaydaları yumşaltması gözlənilir. Əks halda rəflərin boş qalması riski var.
Bu isə yaxın həftələrdə alıcıların daha kiçik, əyri və ya qeyri-adi rəngdə tərəvəzlərlə qarşılaşa biləcəyi deməkdir. Satıcılar və fermerlər isə bildirirlər ki, bu məhsulların belə görünməsi onların yeyilməsinə mane olmur.
“Günəşdə qaralmış” gül kələmləri
Gül kələmi isti havadan ən çox təsirlənən tərəvəzlərdən biridir. Çünki onun yetişməsi üçün çoxlu suya ehtiyac var.
Adətən gül kələminin baş hissəsi yarpaqlar tərəfindən günəş işığından qorunur. Lakin bu il daha çox günəş işığı həmin hissəyə çatır və onun saralmasına səbəb olur.
Artıq məhsulun bir hissəsini supermarketlərin qəbul etmədiyi üçün satan “Oddbox” şirkətinin həmtəsisçisi Emilie Vanpoperinghe bunun “yalnız kosmetik qüsur” olduğunu və tərəvəzin dadının dəyişmədiyini bildirib.
Onun sözlərinə görə, “Oddbox” ötən həftə supermarketlərin satış üçün çox tünd hesab etdiyi 6 min gül kələmi əldə edib.
Vanpoperinghe fermerlərin su ehtiyatlarının tükəndiyini bildirdiyini deyib. Bu isə gül kələmi və brokoli kimi kələmkimilərin daha yavaş böyüməsinə və nəticədə bazarda məhsulun azalmasına səbəb olur.
Məhsul qıtlığı səbəbindən mağazalar tezliklə “günəşdə qaralmış” gül kələmlərini də rəflərə çıxara bilər. Vanpoperinghe bunun əsas səbəbinin supermarketlərin “rəflərin boş qalmasını istəməməsi” olduğunu söyləyib.
Qıvrılmış xiyarlar
Fermerlər istinin təsiri ilə formasını dəyişmiş, hətta öz üzərinə doğru spiral şəklində qıvrılmış xiyarların da yetişdiyini bildirirlər.
Vanpoperinghe bunun xiyarların istixanalarda yetişdirilməsi ilə əlaqəli olduğunu deyib. Xaricdə temperatur yüksəldikdə istixanalar həddindən artıq qızır və bitkilər stresə məruz qalır.
“Suvarma alsalar belə, həddindən artıq istilik bitkinin artıq böyüyə bilməməsinə səbəb olur”, – deyə o bildirib.
Vusterşirdə fermerliklə məşğul olan Con Harper “Sainsbury’s”, “Aldi” və “Co-op” üçün pak-çoy yetişdirir. O bildirib ki, bu il zərərvericilərin yaratdığı xırda dəliklər səbəbindən əvvəlkindən daha çox məhsulu atmalı olub.
Birə böcəkləri isti və quru havalarda daha sürətlə artır. Fermerlərin əvvəlki qədər pestisiddən istifadə etməsinə icazə verilmədiyindən tor örtükləri Harper üçün əsas müdafiə vasitəsinə çevrilib.
Supermarketlərin görünüşlə bağlı sərt tələblərinə görə “cəmi bir kiçik dəlik belə bitkini yararsız hala sala bilər”. Lakin bəzi mağazalar isti hava dövründə bu tələbləri müvəqqəti olaraq yumşaldıb.
Harperin sözlərinə görə, zərərvericilərdən təsirlənmiş pak-çoyların böyük əksəriyyəti hələ də yeyilə bilər. O, zarafatla əlavə edib ki, tərəvəzlər “böcəklərə də olduqca dadlı görünür”.
Kələ-kötür kartoflar
Kembricşirdə kartof yetişdirən fermer Lüsi Munns isti havanın kök tərəvəzin böyüməsini zəiflədəcəyini və nəticədə formasını dəyişmiş kartofların meydana gələcəyini bildirib.
Belə kartofları supermarketlər və onun məhsul tədarük etdiyi çips dükanları normalda almaq istəmir.
Munnsın sözlərinə görə, isti dövrdən sonra hava soyuduqda əsas kartof yumrusu böyümək əvəzinə uc hissəsində kiçik çıxıntı əmələ gətirə bilər.
“Belə kartofları qəbul edəcək alıcı tapmaq çox çətindir. Nəticədə bu, bizim üçün böyük miqdarda məhsul itkisi deməkdir”, – deyə fermer bildirib.
O, bu qədər qidanın tullantıya çevrilməsini “həqiqətən də dəhşətli” adlandırıb.
Bununla belə, Munns vurğulayıb ki, “kələ-kötür və formasını dəyişmiş kartoflar” tamamilə yeməlidir.
“Yeganə çətinlik onları soymaqdır. Sadəcə çıxıntılı hissəni kəsib ayrıca soymaq olar”, – deyə o bildirib.
“Çətin dövr”
“Sainsbury’s”, “Tesco”, “Morrisons” və “Waitrose” kimi supermarketlər artıq qeyri-standart formalı tərəvəzlər üçün xüsusi satış bölmələri yaradıblar.
“Waitrose”un məhsullar üzrə texniki meneceri Calum Kelly bildirib ki, hava şəraiti çətinləşdikdə tullantıların qarşısını almaq və fermerlərin gəlirlərini qorumaq üçün əsas tərəvəzlərə tətbiq olunan ölçü və forma tələbləri yumşaldılır.
Onun sözlərinə görə, quraqlıq davam edərsə, bu il bişirmək üçün nəzərdə tutulan kartoflar əvvəlkindən bir qədər kiçik ola bilər.
“Bütün bu tərəvəzlərin dadı yenə də əladır. Sadəcə, isti havada bir çoxumuz kimi onlar da bir qədər mükəmməllikdən uzaq görünə bilərlər”, – deyə Kelly bildirib.
Lakin bütün məhsul çatışmazlığını bu yolla aradan qaldırmaq mümkün deyil.
Britaniya Pərakəndə Konsorsiumunun qida və davamlılıq üzrə direktoru Endryu Opie bildirib ki, ölkə daxilində məhsul azaldığı üçün supermarketlər xaricdən daha çox ərzaq idxal etməyə məcbur olur.
“Pərakəndə satıcılar britaniyalı fermerləri dəstəkləmək, eyni zamanda müştərilərin mağazaya daxil olduqda gözlədikləri məhsulları tapa bilməsini təmin etmək arasında seçim etməli olurlar”, – deyə Opie bildirib.
Onun sözlərinə görə, payıza qədər vəziyyətin çətin olaraq qalacağı gözlənilir. Hətta albalı kimi məhsulların da bu vəziyyətdən təsirlənə biləcəyi bildirilir.
Britaniyada iqlim dəyişikliyi fonunda yay ayları getdikcə daha isti və quraq keçir. İstilik dalğaları da daha tez-tez müşahidə olunur.
Bu isə hazırkı mövsümün təkcə istisna hal deyil, Britaniya kənd təsərrüfatının gələcəkdə mütəmadi şəkildə üzləşə biləcəyi vəziyyətin göstəricisi ola biləcəyi anlamına gəlir.
Fermerlər ya daha çox məhsul itkisini qəbul etməli, ya daha yaxşı suvarma və su saxlama sistemlərinə investisiya qoymalı, ya da standart görünüşə uyğun olmayan tərəvəzləri istehlakçılara satmağın yollarını tapmalı olacaqlar.
Kartof fermeri Munns isə bu il supermarket rəflərində qeyri-standart formalı tərəvəz görən insanların onları almağa daha açıq yanaşmalı olduğunu deyib.
“Bir qədər seçici olmamağımız lazımdır. Böyük Britaniyada biz çox ərköyünləşmişik. Daha az imkanlı ölkələrdə isə belə seçim imkanımız olmazdı”, – deyə o bildirib.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
