ABŞ-ın dövlət katibi Marko Rubio Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşünə qatılıb. Görüşdə əsas müzakirə mövzusu ABŞ–İsrail ilə İran arasında gedən müharibə olacaq.
Rubionun bu görüşdə münaqişənin gərginliyini azaltmaq üçün təzyiqlə üzləşəcəyi gözlənilir. Çünki müharibənin dünya iqtisadiyyatına təsiri ilə bağlı narahatlıqlar artır.
G7-yə daxil olan digər ölkələr – Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya – hərbi baxımdan bu münaqişəyə cəlb olunmaq istəmirlər. Qrup həmçinin Ukraynadakı müharibəni də müzakirə edəcək.
Fransaya yola düşərkən Rubio bildirib ki, G7 ölkələrinin Hörmüz boğazı ilə bağlı “daha fəal rol oynaması” onların maraqlarına uyğundur. İranın bu boğazı faktiki olaraq blokadaya alması yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub.
O jurnalistlərə deyib:
“Mən ora kimisə razı salmaq üçün getmirəm. Beynəlxalq hüquqa önəm verən bütün ölkələr bu məsələ ilə bağlı nəsə etməlidir.”
Görüşə daxil olarkən Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper isə bildirib:
“Biz bu münaqişənin tez bir zamanda həll olunmasını və regionda sabitliyin bərpasını görmək istəyirik. Bu, Hörmüz boğazını da əhatə etməlidir.”
Dünya üzrə neft və mayeləşdirilmiş qazın təxminən 20%-i bu boğazdan keçir. Müharibə isə qiymət artımı və mümkün çatışmazlıqlar barədə ciddi narahatlıq yaradıb.
G7 ölkələrinin nazirləri daha əvvəl bildiriblər ki, qlobal enerji təchizatını qorumaq üçün “zəruri tədbirlər” görməyə hazırdırlar.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful qeyd edib ki, müharibənin tez bitməsi üçün G7 ölkələri ABŞ-la birlikdə “ümumi mövqe” formalaşdırmalıdır.
Bu arada ABŞ prezidenti Donald Tramp yenidən NATO-nu tənqid edib və bildirib ki, alyans üzvləri vəziyyətlə bağlı “heç bir kömək göstərməyiblər”.
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha isə G7 çərçivəsində Rubio ilə görüşdüyünü bildirib və ABŞ-ın sülh səylərində rolunun “çox vacib” olduğunu vurğulayıb.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas isə deyib ki, bu münaqişələr bir-biri ilə sıx bağlıdır və əgər ABŞ İranla müharibəni dayandırmaq istəyirsə, Rusiyaya da təzyiq göstərməlidir.
Böyük Britaniyanın müdafiə naziri Con Hili əlavə edib ki, Rusiya müharibədən əvvəl İrana kəşfiyyat məlumatları və hərbi texnologiyalar sahəsində dəstək verib. Onun sözlərinə görə, İranın istifadə etdiyi taktika və texnologiyalar Ukraynada Rusiyanın tətbiq etdikləri ilə oxşarlıq təşkil edir.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

