Bir neçə böyük avtomobil istehsalçısı öz avtomobillərində klassik sükanı mərhələli şəkildə ləğv etmək prosesinə başlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Tech Radar” nəşri məlumat yayıb.
Bildirilib ki, artıq bu tədbirlər planı “Mercedes-Benz” və “Toyota” avtomobil istehsalçıları tərəfindən elan edilib.
Məlumata görə, “Tesla” artıq adi sükanı qismən elektron sükanla əvəzləyib. Beləliklə, vurğulanıb ki, “Mercedes-Benz” 2026-cı ildə elektrik mühərrikli “Steer-by-Wire” texnologiyasını dəstəkləyən sükana malik avtomobil istehsalına başlayacaq.
Alman korporasiyası bildirir ki, “Steer-by-Wire” texnologiyası avtomobilin təkərlərinə mexaniki olaraq qoşulmuş klassik sükan çarxının sıradan çıxarılmasını nəzərdə tutur. Bunun əvəzinə sistem sükan çarxının hərəkətlərini qeyd edəcək və siqnalları naqillər vasitəsilə təkərlərə ötürəcək.
“Mercedes-Benz” qeyd edib ki, “Steer-by-Wire” avtomobilin daha dəqiq və asan idarə olunmasını təmin edir.
Məlumata görə, bu texnologiyanın tətbiqindən sonra sürücü təkərlərin səthlə təması nəticəsində yaranan vibrasiya və zərbələri hiss etməyəcək.
Mühəndislərin fikrincə, yeni idarəetmə vasitələri sükan sütununu aradan qaldıraraq avtomobilə minib-düşməyi daha rahat edəcək.
Xatırladaq ki, bu ay “Tesla” korporasiyası Texasdakı zavodunda tam özünü idarə edən “Full Self-Driving” (FSD) sisteminin istifadəyə verildiyini açıqlayıb.
Gundelik.az

