Fransa hökuməti güclü isti hava dalğası səbəbindən ölkənin təxminən yarısında, o cümlədən paytaxt Paris şəhərində bazar ertəsi üçün qırmızı səviyyəli istilik xəbərdarlığı elan edib. İsti hava səbəbindən temperaturun rekord göstəricilərə yaxınlaşacağı gözlənilir.
Bazar günü ölkənin cənub-qərbində yerləşən Bordeaux şəhərində havanın temperaturu 40°C-yə çatıb.
Bundan əvvəl Fransa hakimiyyəti hər il keçirilən və milyonlarla insanı küçələrə cəlb edən Fete de la Musique musiqi festivalı zamanı ictimai yerlərdə spirtli içki qəbulunu qadağan edib.
Baş nazir Sebastien Lekornunun ofisinin açıqlamasında bildirilib:
“Dövlət və onun qurumları tərəfindən təşkil olunan bütün tədbirlərdə spirtli içkilərin təqdim edilməməsi barədə göstəriş verilib.”
Hökumətin açıqlamasına görə, bu məhdudiyyətlərin məqsədi təcili yardım və səhiyyə xidmətlərinin yükünü azaltmaq, tibb işçilərinə isə ən həssas insanlara qayğı göstərməyə daha çox imkan yaratmaqdır. Hakimiyyət orqanları xəbərdarlıq edir ki, temperatur bəzi bölgələrdə tarixi rekordlara yaxınlaşa bilər. Qırmızı xəbərdarlıq əsasən Fransanın qərb və mərkəzi hissələrini əhatə edir, digər çoxsaylı bölgələrdə isə narıncı xəbərdarlıq qüvvədədir.
İsti hava səbəbindən təxminən 850 məktəb bazar ertəsi bağlı qalacaq, daha 1500 məktəbdə isə şagirdlərin dərsdən tez buraxılması planlaşdırılır.
Mütəxəssislərin sözlərinə görə, temperaturun yüksəlməsinə səbəb Afrikadakı Saxara səhrasından şimala doğru hərəkət edən isti hava kütlələridir. Bu hava axını Qərbi və Mərkəzi Avropa üzərində isti havanın sıxışıb qalmasına səbəb olur.
İtaliyada da vəziyyət ciddi olaraq qalır. Hakimiyyət orqanları bazar günü üçün səkkiz şəhərdə, o cümlədən Boloqna, Florens, Milan və Turin şəhərlərində qırmızı xəbərdarlıq elan edib.
Eyni zamanda, İspaniya meteoroloji xidməti də bir sıra bölgələrdə qırmızı və narıncı xəbərdarlıqlar yayıb və ölkənin geniş ərazilərində temperaturun 40°C-yə çatacağını bildirib.
Bir neçə gündür davam edən isti hava dalğası Fransada bəzi dövlət xidmətlərinin fəaliyyətinə də təsir göstərib. Nəticədə onlarla qatar reysi ləğv olunub.
Meteo-France bildirib ki, ölkə əhalisinin təxminən dörddə üçünə təsir etdiyi hesab edilən bu istilərin nə qədər davam edəcəyi hələ dəqiq məlum deyil.
Paytaxt Parisdə sakinlərin və turistlərin istidən qorunmasına kömək etmək üçün parklar və bağlar gecə boyu açıq saxlanılır.
40 ildən artıq tarixə malik olan Fete de la Musique festivalı hər il yay gün dönümündə keçirilir. Ötən il təkcə Parisdə keçirilən tədbirlərə təxminən iki milyon nəfər qatılmışdı.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
