Fransada hökumət böhranı dərinləşir. İfrat solçu “Yalmaz Fransa” (LFI) partiyasının lideri Jan-Lyuk Melenşon, Baş nazir Fransua Bayru hökumətinin Milli Assambleyada etimad səsverməsindən keçməyəcəyi halda, prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlayacaqlarını açıqlayıb.
Gundelik.az xəbər verir ki, Melenşon “France Inter” radiosuna müsahibəsində sentyabrın 8-də keçiriləcək etimad səsverməsinin Bayru hökuməti üçün həlledici olacağını bildirib:
“Biz bu hökumətlə güzəştə gedə bilmərik. Cənab Makron artıq üçüncü dəfə eyni siyasəti yürüdəcək baş nazir təyin edib. Xaosun mənbəyi məhz Makrondur və buna görə də ona impiçment elan edilməlidir”, – deyə müxalifət lideri vurğulayıb.
Onun sözlərinə görə, Makron ölkədə yaranmış siyasi böhranların əsas məsuliyyətini daşıyır və vəziyyətdən çıxışın ən qısa yolu prezidentin istefasıdır. Melenşon həmçinin sentyabrın 23-də Milli Assambleyada impiçment proseduruna başlanacağını açıqlayıb.
Bayru hökumətini gözləyən sınaq: 8 sentyabr etimad səsverməsi
Baş nazir Fransua Bayru 2026-cı il büdcə planını parlamentə təqdim etməzdən əvvəl hökumətini etimad səsverməsinə çıxarmaq qərarına gəlib. Sözügedən büdcə layihəsi rəsmi tətillərin ləğvi və təxminən 43 milyard avroluq qənaət tədbirlərini nəzərdə tutur. Bu plan ictimaiyyət və müxalifət tərəfindən sərt tənqid olunub.
Sosial şəbəkələrdə və müxalifət dairələrində Bayrunun da sələfi Mişel Barnier kimi etimad səsi ala bilməyəcəyi, nəticədə hökumətin dağılacağı barədə fikirlər səsləndirilir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Barnier hökuməti məhz büdcə planı ilə bağlı müxalifətlə razılığa gələ bilmədiyi üçün süqut etmişdi. Makron bundan sonra uzun danışıqlardan sonra sağ mərkəzçi Fransua Bayrunu baş nazir təyin etmişdi.
İqtisadi vəziyyət: dövlət borcu və büdcə kəsiri
Fransa hazırda Avropa İttifaqında ən yüksək dövlət borcuna malik ölkələrdən biridir. 2024-cü ilin nəticələrinə görə, dövlət borcunun ÜDM-ə nisbəti 113 faiz təşkil edib ki, bu göstəriciyə görə Fransa Aİ-də üçüncü yerdədir. Həmçinin ölkə 5,8 faizlə Birlikdə ən böyük büdcə kəsiri ilə üz-üzədir.
Hökumət borcun azaldılması üçün sərt qənaət tədbirləri həyata keçirməyə çalışsa da, müxalifət bu siyasəti “qənaət siyasəti” kimi qiymətləndirir və sosial ədalətsizliklə ittiham edir.
İmpiçment prosedurunun mərhələləri
Müxalifətin Makrona qarşı hazırladığı impiçment layihəsi əvvəlcə Milli Assambleya Bürosu tərəfindən qiymətləndiriləcək. Daha sonra sənəd Qanunvericilik Komitəsində müzakirəyə çıxarılacaq.
Əgər komitə layihəni təsdiqləsə, impiçment təklifi Milli Assambleyanın plenar iclasına göndəriləcək. Qanun layihəsinin keçməsi üçün deputatların üçdə ikisinin səsi tələb olunur. Bundan sonra sənəd Senata təqdim ediləcək və orada da üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır.
Əgər hər iki palata impiçmenti dəstəkləsə, yekun səsvermə keçiriləcək və prezidentin taleyi həll olunacaq.
Gundelik.az

