Fransada enerji yoxsulluğu sürətlə artır. Ölkənin enerji ombudsmanının sifarişi ilə aparılan yeni araşdırmaya görə, ev təsərrüfatlarının üçdə birindən çoxu son bir il ərzində enerji xərclərini ödəməkdə çətinliklərlə üzləşib. Qış mövsümünün yaxınlaşması bir çox ailələrin ödənişlərini gecikdirmək riskini artırır.
Gundelik.az xəbər verir ki, çərşənbə axşamı açıqlanan araşdırmaya əsasən, ev təsərrüfatlarının 36 faizi enerji xərclərini qarşılamaqda çətinlik çəkib, 35 faizi isə ötən qışı soyuq evlərdə keçirməyə məcbur olub. Respondentlərin əksəriyyəti elektrik enerjisinə qənaət etmək üçün həyat tərzlərini dəyişib – cihazlarını aşağı tarifli saatlarda işə salıb, qızdırıcılarını avtomatlaşdırıb və istilik cədvəllərini yenidən tənzimləyiblər.
Sorğuda iştirak edənlərin 85 faizi bildirib ki, enerji xərcləri hazırda onların ailə büdcələrinin mühüm hissəsini təşkil edir. Bu göstərici 2007-ci ildən bəri ən yüksək səviyyə sayılır.
İqtisadi durğunluq və ümumi qeyri-sabitlik fonunda yaranan vəziyyət hökumətin büdcə kəsirini azaltmaq üçün həyata keçirdiyi sərt qənaət tədbirləri ilə daha da ağırlaşıb.
Baş nazir Fransua Bayru 2026-cı il büdcəsində 40 milyard avrodan (təxminən 46,5 milyard dollar) artıq qənaət nəzərdə tutan planına görə parlamentdə etimadsızlıq səsverməsindən sonra sentyabr ayında istefa verib. Onun yerinə təyin olunan Sebastien Lekornu qısa müddət sonra istefa verdiyini açıqlasa da, prezident Emmanuel Makron tərəfindən yenidən vəzifəyə gətirilib.
Lekornu iqtisadçıların və həmkarlar ittifaqlarının “qənaət siyasətinin ev təsərrüfatlarına təzyiqi daha da artıracağı” barədə xəbərdarlıqlarına baxmayaraq, 17 milyard avro ixtisar və 14 milyard avro yeni vergiləri əhatə edən büdcə planını icra etməyə davam edəcəyini bildirib.
Sentyabr və oktyabr aylarında Fransada planlaşdırılan xərclərin azaldılmasına qarşı genişmiqyaslı etiraz aksiyaları və ümummilli tətillər keçirilib.
Gundelik.az

