İtaliyanın idman avtomobil istehsalçısı “Ferrari NV” 2025-ci ilin ikinci rübündə xalis mənfəət və gəlirdə cüzi artım olduğunu bildirib.
Gundelik.az şirkətə istinadən xəbər verir ki, aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 413 milyon avro ilə müqayisədə 425 milyon avro təşkil edib.
İkinci rübdə “Ferrari”nin gəliri 4% artaraq 1,787 milyard avroya çatıb.
Hesabat rübündə şirkət 3494 avtomobil satıb. Bu göstərici bir il əvvəl 3484 ədəd təşkil edirdi.
Avropa, Yaxın Şərq və Afrika regionunda şirkətin satışları 1% azalıb, Amerika qitəsində 1% artıb, Çin, Honq-Konq və Tayvanda bu rəqəm 1% azalıb, qalan Asiya-Sakit okean regionunda isə 2% artıb.
Cari il üçün “Ferrari” ən azı 7 milyard avro gəlir, ən azı 2,68 milyard avro düzəliş edilmiş EBITDA və ən azı 2,03 milyard avro (əvvəllər 1,77 milyard avro) düzəliş edilmiş EBIT əldə etməyi gözləyir.
Gundelik.az
