Son zamanlar təkcə ölkəmizi deyil, bütün dünyanı cənginə almış qlobal bir problem yaşanmaqdadır. İnsan alveri… Dövlət səviyyəsində xeyli tədbirlər görülsə də, bu məsələ təəssüf ki, hələ də öz aktuallığını qoruyur. İsanları fərdi şəkildə maarifləndirmək isə hər bir vətəndaşın borcudur. Belə bir sual ortaya çıxır. İnsanlar sözü gedən məsələ ilə yetərincə məlumatlıdırlarmı? Gundelik.az məsələyə aydınlıq gətirdi. Müsahibimiz Hüquqi–Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərovdur.
Müsahibəni təqdim edirik:
Fariz müəllim, ilk olaraq deyə bilərsinizmi, insan alveri nədir?
– İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin – ağır formalarından biridir. O, bir-birilə qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, mədəni, siyasi və şəxsi amillərin doğurduğu mürəkkəb bir hadisədir. Bunlar ilk növbədə, yoxsulluğa qarşı zəiflik, demokratik mədəniyyətlərin olmaması, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər, sosial inteqrasiyanın olmaması, imkanların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaq əməyi və ayrı-seçkilikdən irəli gəlir.
Bu məsələnin dünyada bu qədər aktual olmasında ilkin səbəblər nələrdir?
– İnsan alveri gizlədilmiş cinayətdir. Qurbanlar adətən öz hüquqlarını bilmirlər, dövlətin qanunlarını başa düşmürlər və onlara insan alverçiləri tərəfindən nəzarət olunur. İnsan alverinin müxtəlif istismar formaları vasitəsilə bu əməli törədənlər öz qurbanlarından mənfəət əldə edirlər. Lakin onlar qurbanların istismar şəraitində qalmasını təmin etməli olurlar. Buna insan alverçisinin davamlı nəzarətə malik olmasını və qurbanın istismar olunmuş vəziyyətdə qalmasını təmin edən müxtəlif nəzarət metodları vasitəsilə nail olunur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1 ci maddəsində deyilir ki, İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
İnsan alveri əməlinin ünsürləri hansılardlır?
– Əməlin törədilmə üsulları
– zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə;
– hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə;
– oğurlama; dələduzluq; aldatma yolu ilə;
– təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə;
– yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla
Əməlin özü – şəxsin cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi
İnsanların İstismarı dedikdə nə başa düşülür?
– məcburi əmək (xidmət) – qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi
– cinsi istismar – şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi
– köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti – şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;
– insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması
– şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması
– qadının surroqat ana kimi istifadə edilməsi
– qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi.
İnsan alverinin risk qrupuna daxil olma amillərini sadalaya bilərsinizmi?
– Yoxsulluq səviyyəsi;
– Sosial və iqtisadi bərabərsizlik;
– İşsizlik;
– Təhsil səviyyəsinin aşağı olması;
– Ailədaxili zorakılıq;
– Cinsi ayrı-seçkilik;
– Məlumatsızlıq;
– Kiçik şəhərlər, kəndlər və ya oradan böyük şəhərə gələnlər və s.
Fariz müəllim, kimlər vasitəsi ilə həmin şəxslər insan alveri qurbanına çevrilirlər?
– İşədüzəltmə firmaları, nikah, moda və turizm agentlikləri vasitəsilə;
– İş, təhsil, tanışlıq, nikah haqqında internet, qəzet, küçə və televiziya elanları vasitəsilə;
– Tanışlar, qonşular, kurs yoldaşları, iş yerindəki həmkarlar tərəfindən təkliflərlə;
– Xarici agentliklər tərəfindən təkliflərlə;
– Əvvəlcədən hazırlanmış adamlar tərəfindən təkliflərlə.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən insan alveri qurbanlarına, cinayət və ya mülki məhkəmələr qarşısında, cinayətkar hərəkət nəticəsində dəymiş maddi və ya qeyri-maddi ziyana görə kompensasiya üçün mülki iddia qaldırmaq imkanını verir.
Günümüzün önəmli problemi sayılan insan alveri məsələsinə aydınlıq gətirdiyi üçün Fariz Əkbərova təşəkkür edirik.
Gundelik.az

