Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzza şəhərini işğal etmə planının bölgədə yaşayan 2 milyondan artıq dinc sakin üçün ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Gundelik.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, işğal soyqırımı və aclığı daha da dərinləşdirəcək, şəhərin həyat infrastrukturu isə tamamilə dağıdılaraq milyonlarla insanı fəlakətə sürükləyəcək.
Qeyd olunub ki, Qəzzada baş verən aclıq və qıtlıq təbii səbəblərdən deyil, İsrailin humanitar yardımların qarşısını almaqla mühasirəni “müharibə silahı”na çevirməsindən qaynaqlanır.
Bəyanatda həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının İsrailin Qəzzada aclıq cinayəti törətdiyini açıqlamasına baxmayaraq, beynəlxalq ictimaiyyətin tədbir görməməsi qəbuledilməzdir. Nazirlik dünya dövlətlərini və təşkilatlarını minlərlə insanın həyatını xilas edəcək məcburi addımlar atmağa çağırıb.
Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzzanın şimalındakı şəhərin işğalı planını təsdiqləyib. Baş nazir Benyamin Netanyahu da bütün Qəzza zolağının işğalını hədəflədiklərini bəyan edib. İsrail mediasının məlumatına görə, ordunun əmri artıq verilsə də, əməliyyatın sentyabrdan əvvəl başlanması gözlənilmir.
Plana əsasən, ilk mərhələdə təxminən bir milyon fələstinlinin cənuba köçürülməsi, şəhərin ağır hücumlardan sonra mühasirəyə alınaraq işğal edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə Qəzzanın mərkəzi, xüsusilə də xarabalığa çevrilmiş qaçqın düşərgələrinin işğalı planlaşdırılır.
Xatırladaq ki, İsrail 1967-ci ildən 2005-ci ilə qədər 38 il Qəzza zolağını işğal altında saxlayıb. Hazırda 2,3 milyon insanın yaşadığı ərazi 18 ildir ki, ağır blokada altındadır.
Gundelik.az

