Avqust 7, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Eyni səfər, fərqli təsir: Niyə bəzi insanları maşın tutur?

Xalq arasında “maşın tutması” kimi tanınan problem səyahət zamanı ürəkbulanma, başgicəllənmə, soyuq tər basması və digər narahatlıqlara səbəb ola bilər. Lakin bu vəziyyətin qarşısını almaq üçün bir sıra sadə tədbirlər görmək mümkündür.

Bəzi insanlar yolboyu rahatlıqla kitab oxuya, telefona baxa və saatlarla heç bir narahatlıq hiss etməyə bilirlər. Digərləri isə yolun lap əvvəlindən ürəkbulanma, başgicəllənmə və soyuq tərləmə yaşayırlar. Tibbdə bu hal “hərəkət xəstəliyi” adlanır.

Bəs niyə hər kəsdə müşahidə olunmur? Kimlər bu problemdən daha çox əziyyət çəkir? Maşın tutmasının qarşısını almaq üçün nə etmək lazımdır?

Sultan Abdülhəmid Han Təhsil və Araşdırma Xəstəxanasının KBB (qulaq, burun, boğaz) mütəxəssisi, professor İbrahim Engin Çekin bu sualları cavablandırıb.

Hərəkət xəstəliyi bütün nəqliyyat vasitələrində yarana bilər

Professor Çekin bildirib ki, insanın öz hərəkətini və ətrafdakı cisimlərin hərəkətini qəbul edən müxtəlif tarazlıq sistemləri mövcuddur. Bu sistemlər tanış olmayan və ya yeni hərəkət siqnalları ilə qarşılaşdıqda, orqanizm buna uyğunlaşmaqda çətinlik çəkə bilər.

Nəticədə başgicəllənmə ilə və ya onsuz aşağıdakı əlamətlər yaranır:

ürəkbulanma;

qusma;

soyuq tərləmə;

baş ağrısı.

Bu əlamətlərin məcmusu hərəkət xəstəliyi adlanır.

Bu problem avtomobil, avtobus, qatar, gəmi və təyyarə səfərlərində də yarana bilər.

Kimlər daha çox risk altındadır?

Mütəxəssisin sözlərinə görə, hərəkət xəstəliyi adətən uşaqlarda 5–6 yaşlarında başlayır və yeniyetməlik dövrünə qədər tədricən azalır. Lakin bəzi insanlarda uzun illər davam edir və ya heç keçmir.

Araşdırmalara əsasən:

qadınlarda kişilərlə müqayisədə təxminən 1,7 dəfə daha çox rast gəlinir;

Asiya mənşəli insanlarda daha geniş yayılıb;

Meniere xəstəliyi kimi tarazlıq sistemi pozğunluğu olan şəxslərdə daha tez-tez müşahidə edilir;

həyəcanlı və nevrotik xarakterli insanlarda da risk yüksəkdir.

Maşında harada oturmaq vacibdir

Professor Çekin bildirir ki, avtomobilin hərəkətinin daha az hiss olunduğu hissələrində oturmaq narahatlığı azaldır. Buna görə:

avtomobildə ön oturacaq və ya orta hissə daha uyğundur;

güclü qoxular, yüksək səs və əlavə titrəmələrdən uzaq durmaq lazımdır;

səfər günü nə ac qalmaq, nə də çox yağlı və ağır yeməklər yemək məsləhətdir.

Bu tədbirlər əlamətlərin gec başlamasına və ya ümumiyyətlə yaranmamasına kömək edir.

Müalicə mümkündür

Əgər bütün tədbirlərə baxmayaraq problem davam edirsə, müalicə üsullarından istifadə olunur.

Professor Çekinin sözlərinə görə, ilk addım ruhdan düşməmək və səfərlərdən tamamilə imtina etməməkdir. İnsan hərəkətə tədricən uyğunlaşdıqca orqanizm adaptasiya olur və əksər hallarda şikayətlər azalır və ya tamamilə yox olur.

Pilotlar və dənizçilər kimi peşələrdə çalışan insanlarda hərəkət xəstəliyi iş fəaliyyətinə mane ola bildiyi üçün belə hallarda həkim nəzarəti altında dərman müalicəsi də tətbiq edilə bilər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az