Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) bildirib ki, 6 ədəd HIMARS reaktiv buraxılış raket sistemi Estoniyadakı Əmari aviabazasına çatdırılıb.
Gundelik.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) məlumat yayıb.
“Altı ədə HIMARS-ın alınması Estoniyada ən böyük silah alışlarından biridir. 2022-ci ilin dekabrında ABŞ Müdafiə Əməkdaşlıq Agentliyi (DSCA) ilə imzalanmış müqavilənin bir hissəsi olaraq, biz də döyüş sursatları alacağıq. Paketə həmçinin müxtəlif diapazonlu raketlər də daxildir”, – ECDI Silah Kateqoriya meneceri Ramil Lipp bildirib.
Müdafiə Qüvvələri Estoniyada yerləşən ABŞ hərbçilərinin dəstəyi ilə raket artilleriya batareyasının şəxsi heyətinə ilkin təlim keçib və yayda ilk canlı atəşə start veriləcək.
HIMARS-ın satın alınması üç Baltikyanı ölkənin birgə layihəsidir. Bildirilir ki, tezliklə analoji sistemlər Estoniyanın qonşuları olan Latviya və Litvaya da çatdırılacaq.
ECDI-nin məlumatına görə, 2022-2024-cü illərdə ABŞ-nin Estoniyaya ümumi təhlükəsizlik yardımı 2019-2021-ci illərlə müqayisədə üç dəfə artaraq təxminən 122 milyon dollardan 430 milyon dollara yüksəlib.
Estoniya hökuməti yaxın illərdə müdafiə xərclərini ümumi daxili məhsulun hazırkı 3,4%-dən ÜDM-in 5,5%-nə qədər artırmaq qərarına gəlib.
Gundelik.az

