Gundelik.az Dünya Estoniya 2027-ci ilə qədər “dron əleyhinə divar” sistemi quracaq
Dünya Xəbərlər

Estoniya 2027-ci ilə qədər “dron əleyhinə divar” sistemi quracaq

Estoniya 2027-ci ilin sonuna qədər pilotsuz uçuş aparatlarına qarşı xüsusi “divar” sistemi inşa etməyi planlaşdırır.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Baş nazir Kristen Mixalın sözlərinə görə, ilk qurğular gələn ildən quraşdırılmağa başlanacaq.

“Dron əleyhinə divar prioritet məsələdir. Müttəfiqlərimiz şərq sərhədimizin möhkəmləndirilməsinə ciddi siyasi dəstək göstərirlər və bizim çox sayda tərəfdaşımız var. Növbəti Şura iclasında konkret qərarlar və dəqiq vaxt cədvəli təsdiqlənməlidir. Estoniya 2027-ci ilə qədər öz sistemlərini inkişaf etdirəcək, lakin gələn ildən ilkin həllər tətbiq olunacaq”, – deyə Mixal Avropa Şurasının Kopenhagendə keçirilən qeyri-rəsmi toplantısında bildirib.

Baş nazir əlavə edib ki, layihənin həyata keçirilməsi Avropa İttifaqından həmrəylik və maliyyə dəstəyi tələb edir: “Daha sürətli tədarük və münasib qiymətlərin təmin edilməsi üçün NATO planları çərçivəsində müdafiə təchizatında sıx əməkdaşlıq zəruridir”.

Kristen Mixal, həmçinin, Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya LNG-nin idxalına, “kölgə donanmasının” fəaliyyətinə, bank əməliyyatlarına və turizm xidmətlərinə qadağanı əhatə edəcək. Baş nazir qeyd edib ki, tədbirlərin mühüm hissəsi Belarusa da şamil olunacaq.

Eyni zamanda o, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Baş nazir onlayn işə qəbul və kiber cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin də vacibliyinə diqqət çəkib.

Gundelik.az 

Exit mobile version