Gundelik.az Dünya NATO Hərbi Hava Qüvvələri Estoniya hava məkanında təlimlər keçirəcək
Dünya Siyasət Xəbərlər

NATO Hərbi Hava Qüvvələri Estoniya hava məkanında təlimlər keçirəcək

Bu həftə Baltikyanı ölkələrdə yerləşən NATO təyyarələri Estoniyanın hava məkanında təlim uçuşları həyata keçirəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlim uçuşları sentyabrın 8-dən 14-dək hər gün saat 10:00-dan 22:00-dək keçiriləcək. Aşağı sürətli uçuşlar ən azı 152 metr (500 fut) yüksəklikdə olacaq. Pilotlar həmçinin mülki hava hərəkəti ilə əlaqələndirilərək müəyyən yüksəkliklərdə səsdən sürətli uçuşlar da edə bilərlər.

Sentyabrın 8-i və 9-u saat 19:00-dan 22:00-dək İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının dəstəyi ilə Rakvere və Kadrina bölgəsində hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Təlimlərin məqsədi mülki şəraitdə aviadispetçerlərin təyyarələrlə qarşılıqlı əlaqəsini təcrübədən keçirməkdir.

Baş Qərargah vurğulayır ki, bütün uçuş təlimləri Estoniya qanunvericiliyinə uyğun olaraq, Estoniya Nəqliyyat Departamenti ilə razılaşdırılmaqla təşkil edilir.

Şimali Atlantika Şurasının qərarına əsasən, NATO ölkələrinin hərbi hava qüvvələri Estoniya, Latviya və Litvanın hava məkanını qoruyur. Bu ölkələrdə hava məkanının təhlükəsizliyini təmin edən təyyarələr Estoniyadakı Əmari və Litvanın Şiaulyai aviabazalarında yerləşdirilib.

Gundelik.az 

Exit mobile version