Kreml NATO-nun baş katibi Marko Ruttenin rus pilotları və dənizçiləri təhqir edən açıqlamasına reaksiya verib.
Gundelik.az-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə brifinq zamanı bildirib ki, Rutte Rusiya hərbçiləri haqqında heç bir məlumata malik deyil.
“Bu, Ruttenin özü haqqında çox şey deyir. O, bizim pilotlar və dənizçilər haqqında heç nə bilmir. Bilsəydi, belə bir ifadə işlətməzdi”, – Peskov qeyd edib.
Kreml sözçüsü əlavə edib ki, bir çox Avropa siyasətçilərinə müxtəlif məsələlərdə səriştəsizlik xasdır.
Xatırladaq ki, Marko Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiya ordusunun imkanlarının şişirdilməməsinə çağırıb. O, çıxışında Rusiya qırıcı pilotlarının “zəif idarəetmə bacarıqları ilə” tanındığını, rus kapitanlarının isə “lövbəri endirməkdə aciz” olduqlarını bildirib.
NATO baş katibi həmçinin Alyansın Moskva ilə qarşıdurmada təmkinli davranacağını vurğulayıb. Bundan öncə Qərb Rusiya təyyarələrinə qarşı tədbir görməyə hazır olduğu barədə xəbərdarlıq etmişdi.
Gundelik.az

