Qarabağ torpağında,
Ağdam ərazisində,
Ululardan yadigar,
Müqəddəs bir ocaq var.
Ocağın yaranmasın,
Aqillər belə deyir:
-Dövlətli bir kişinin,
Dörd övladı var imiş.
Onlardan biri qız,
Üçü oğlan imiş.
Qızın adı Eşq imiş,
İllər ötür, vaxt keçir,
Uşaqlar da böyüyür.
Ailə bu illərdə,
Sakitcə həyat sürür.
Kənd qızları içində ,
Eşq öz gözəlliyilə ,
Ən seçilən qız olur.
Kənddə ən kasıb olan,
Abdal adlı oğlana ,
Eşq ürəkdən vurulur,
Abdal da onu sevir.
Onların məhəbbəti,
Dillərdə dastan olur.
Eşqin eşq məcarasın,
Qardaşları eşidir.
Ailə çaşıb qalmışdır.
Çıxış yolu tapmağa,
İmkanlar azalmışdır.
Bu əhvalat getdikcə,
El-obaya yayılmış.
Eşq sözündən dönmədən,
Hey israrla sevgisin,
Açıqca bəyan etmiş.
Qızın açıq sevgisi,
El içində ailəsin,
Tamamca rüsvay etmiş.
Qardaşları Abdala,
Hədə də göndərirlər,
Eşqidən uzaqda dur!
Əgər uzaq durmusan,
Böyük cəza alarsan!
Ancaq bu yersiz hədə,
Alovu söndürmədi .
Bu məftun aşiqlərin,
Sevgisi sönməz idi.
Onları bir -birindən,
Ayırmaq çətin idi.
Bu məhəbbət günbəgün,
Alovlanan ocaq tək ,
Od tutaraq yanırdı.
Hər kəs qızı qınadı,
Kasıb olan oğlanı,
Nə səbəbə sevməli?
Oğlan ona tay deyil,-
Deyənlər anlamadı,
Sevgi sərhəd tanımır.
Məhəbbət vulkan kimi ,
Ürəklərdə kükrəyir,
Onu söndürmək çətin.
O, əbədi ocaqdır,
Heç bir zaman sönməzdir.
Bunu anlamaq gərək,
Belə yanan ocağın ,
Alovu güclü olur.
Sönməz bir atəşdi o,
Yandıqca alovlanır.
Şöləsində sevənlər,
Əbədi məskən salır.
Onun sönməz odundan,
Gənclər də ilham alır.
Belə sevgi yaşasın,
Ürəklərə hərarət,
Qəlblərə işıq salsın.
Dünya məhəbbət üstə,
Daim bərqərar olsun.
Kəndin sağ tərəfindən,
Böyük bir arx keçirdi.
Bu arx Qarasu idi.
Aydınlıq bir gecədə,
Göydən bədirlənmiş ay,
Yerə işıq salırdı.
Ay işığı altında,
Qarasu kənarında,
Onlar sakit görüşdü.
Həsrətlər də qovuşdu.
Görüş anından sonra,
Eşq Qarasu boyunca,
Yuxarıya gedərək,
Qəmli-qəmli zil səslə,
Oxumağa başladı.
Səs çöllərə yayıldı.
Camaat səs eşidib,
Tez həyətə çıxdılar.
Mahnının həzin səsi ,
Onları məftun etdi.
Eşq qəmli bir notla,
Hey yanğılı oxudu:
Əziziyəm al məndən,
Yaşıl səndən, al məndən,
Ya dərdimə şərik ol,
Ya bu canı al məndən.
Eşq mahnını bitirib,
Həyəcanlı şəkildə,
Abdala sarı gəldi,
Məsum bir mələk kimi,
O, Abdala sığındı.
Aşiqlər bu məkanda,
İlahidən güc alıb,
Əbədi qalmaq üçün,
Gül koluna döndülər.
Səs eşidən qardaşlar,
Səs gələn yerə qaçdı.
Bir qaraltı gördülər,
Qaraltıya çatanda,
Qaraltının yerində,
Gül ağacı gördülər.
Gül dibindən bənövşə ,
Həsrətlə gülə baxır,
Onun baxışlarından,
Sanki məhəbbət axır.
Qardaşlar gülü görüb,
Təəccüblə baxdılar.
Onlar kəndə qayıdıb,
Gördüklərin dedilər.
Oba heyrətdə qaldı .
Bu nə sirridir belə,
İlahi bir eşqinmi?
Möcüzəsidirmi bu?
Düşündü hamı belə!
Həmin vaxtdan orada,
Bir abidə ucaldı .
Dərdə əlac tapmağa,
Hamı bura gəlirdi.
Adı dillərdə gəzən ,
Heyrətamiz işıqdı.
Sevənləri yaşadan,
Eşqabdal ocağıdır.
Xəstələrə şəfadır,
Ürəklərdə vəfadır.
Ziyarət məkanıdır ,
Müqəddəsdi – ocaqdır,
Eşqabdal ocağıdır.
Keçmişdən soraq verən,
Yaşayan əfsanədir.
Sabir Rüstəmoğu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az

