Ermənistanda altı din xadimi və kilsə məmuru saxlanılıb.
Gundelik.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin mənəvi mərkəzinin informasiya xidmətinin rəhbəri Yesai Artenyan məlumat verib.
Onun sözlərinə görə, Saqmosavank monastır kompleksinin abbası, keşiş Paren Arakelyan, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan və digər şəxslər İstintaq Komitəsinə gətirilib. Yepiskop Mkrtiç Proşyan bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğludur.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib ki, din xadimlərinə qarşı məclislərin keçirilməsinə və ya iştirakına məcbur etmə məqsədilə vəzifə və ya xidməti səlahiyyətlərdən sui-istifadə maddəsi ilə cinayət işi açılıb. Hazırda ibtidai istintaq çərçivəsində zəruri prosesual və sübutedici tədbirlər görülür.
AAK ilə Ermənistan hökuməti arasında münasibətlər Paşinyanın hakimiyyətə gəlməsindən və Qarabağın Azərbaycana aid olduğunu bəyan etməsindən sonra gərginləşib. Bundan əvvəl katolikos II Qaregin erməni kilsəsinin Paşinyanın istefası çağırışından imtina etmədiyini açıqlamışdı. May ayının sonundan isə Paşinyan II Qaregin və arxiyepiskoplara qarşı sərt bəyanatlar verir.
Gundelik.az
