Rusiyanın Ermənistana qaz tədarükü müvəqqəti dayandırıldıqdan sonra bərpa olunub.
Gundelik.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Məlumata görə, sentyabrın 16-da magistral qaz kəmərində aparılan təmir işləri səbəbindən müvəqqəti dayandırılan qaz nəqli vaxtından əvvəl bərpa edilib.
“Stavropol diyarında Şimali Qafqaz–Zaqafqaziya qaz kəmərində planlaşdırılmış təmir işləri vaxtından əvvəl başa çatdırılıb”, – məlumatda bildirilir.
Əvvəlcə təmir işlərinin sentyabrın 16–26-dək davam edəcəyi açıqlanmışdı. Təchizatın dayandırıldığı dövrdə ölkədə daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü hesabına istehlakçılara qazın fasiləsiz və etibarlı tədarükü təmin olunub.
Qeyd edək ki, iyulun 24-də şirkət Gürcüstanda aparılan fövqəladə bərpa işləri ilə əlaqədar iyulun 24–26-da Rusiyadan Ermənistana qaz nəqlinin müvəqqəti dayandırıldığını da elan etmişdi.
Şimali Qafqaz–Zaqafqaziya qaz kəməri 612 kilometr uzunluğa malikdir və Gürcüstan ərazisindən keçməklə Rusiyadan Ermənistana qaz nəqlini həyata keçirir. Kəmər 1988-ci ildə tikilib və illik gücü 1,8 milyard kubmetrdir.
Bundan əvvəl isə İran, Rusiyadan qaz tədarükü bərpa olunmazdan əvvəl həll edilməli olan məsələləri müəyyən etmişdi.
Gundelik.az
