Gundelik.az Dünya Ermənistan bu reytinqdə gerilədi
Dünya Xəbərlər

Ermənistan bu reytinqdə gerilədi

Beynəlxalq reytinq agentliyi Moody’s Ermənistanın Elektrik Şəbəkələrinin (ENA) reytinqini aşağı salıb.

Gundelik.az xəbər verir ki, agentliyin açıqlamasına görə, ENA-nın uzunmüddətli korporativ reytinqi (CFR) Ba2-dən Ba3-ə, defolt reytinqi (PDR) isə Ba2-PD-dən Ba3-PD-ə endirilib. Proqnoz “stabil”dən “mənfi”yə dəyişdirilib.

Moody’s bildirib ki, reytinqin aşağı salınması Ermənistanın baş naziri Nikol Paşinyanın şirkətin milliləşdirilməsi ilə bağlı təşəbbüsü və ESA-nın sahibi, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın həbsindən sonra reytinqlərin “Rating Watch Negative” siyahısına salınması fonunda baş verib.

Agentlik vurğulayıb ki, iyulda qəbul olunan qanunvericilik dəyişiklikləri şirkətin dövlət təsirinə və tənzimləyici risklərə məruz qalma səviyyəsini artırıb. Moody’s qeyd edib ki, Ba3 reytinqi ENA-nın Ermənistanda elektrik enerjisinin paylanmasında inhisarçı mövqeyini və ölkənin kritik infrastruktur şirkəti olduğunu nəzərə alır.

“Son hadisələr ESA-nın idarəçiliyinə təsir baxımından qeyri-müəyyənliyi artırır. Bu, zaman keçdikcə daha əhəmiyyətli mənfi təsir göstərə bilər”, – deyə agentlik bildirib. “Mənfi” proqnoz tənzimləyici və biznes mühitində davam edən qeyri-müəyyənliyi, şirkətin potensial milliləşdirilməsini, əməliyyat və maliyyə göstəricilərinə təsirini əks etdirir. Moody’s ENA-nın reytinqlərinin növbəti 12-18 ay ərzində yüksəlməsinin ehtimalının az olduğunu vurğulayıb.

Qeyd olunur ki, iyunun 18-də Yerevan məhkəməsi Samvel Karapetyanı hakimiyyətə qarşı açıq çağırışda ittiham edərək həbs edib. İyulun 3-də Ermənistan parlamenti ESA-nın milliləşdirilməsinə imkan verən qanun dəyişikliyini qəbul edib. İyulun 18-də isə Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası şirkətə müvəqqəti menecer təyin edib. Baş nazir Paşinyan isə mətbuat konfransında ENA-nın idarəçiliyini dövlətin üzərinə götürəcəyini və daha sonra ən effektiv operatorun seçiləcəyini bəyan edib.

Gundelik.az

Exit mobile version