Avropada yeraltı qaz anbarlarında ehtiyatların həcmi 80%-dən artıq olub.
Gundelik.az-ın məlumatına görə, Qaz İnfrastrukturunun Avropa platformasının məlumatına görə, sentyabrın 12-nə olan göstərici 80,13%, bazar günü isə 80,34%-ə çatıb.
Hazırkı inventar səviyyəsi son beş ilin orta göstəricisindən 6,8 faiz bəndi aşağıdır. Sentyabrın ikinci həftəsindən etibarən qaz vurulması tempi də xeyli zəifləyib – avqustda gündəlik orta 328 milyon kubmetr təşkil etdiyi halda, ötən həftə bu rəqəm təxminən 170 milyon kubmetrə düşüb.
Ölkələr üzrə göstəricilər ciddi fərqlənir. Hazırda ən yüksək ehtiyat səviyyəsi Polşada (95%), eləcə də Fransa, İtaliya, Çexiya və Avstriyada qeydə alınıb. Almaniyada (75%), Bolqarıstan, Slovakiya, Macarıstan və Hollandiyada ehtiyatlar orta göstəricidən aşağıdır. Latviya (53%) və İsveç (51%) geridə qalır, Danimarkada isə ən aşağı səviyyə – 45% müşahidə olunur.
Qeyd edək ki, ötən qış son dörd mövsümün ən soyuq dövrü olub və nəticədə Avropa anbarlardan daha çox qaz çıxarmağa məcbur qalıb. Çıxarma mövsümünün sonunda ehtiyatların həcmi 34%-dən də aşağı düşmüşdü.
Aİ hazırda LNG bazarında artan rəqabət, bərpa olunan enerji istehsalının azalması və “Qazprom” qazına məhdud giriş fonunda qarşıdakı qışa hazırlaşır. Bu yay Avropa sabit şəkildə LNG idxal edib və əsasən anbarların doldurulmasına yönəldib. Proqnozlara görə, 2025-ci ilin sonuna qədər regionun LNG idxalı 106 milyon tona (138 milyard kubmetr qaz ekvivalenti) çata bilər ki, bu da 2024-cü illə müqayisədə təxminən 25% çoxdur.
Gundelik.az

