Gundelik.az Xəbərlər İqtisadiyyat Avropa qaz anbarları 70%-ə çatdı – Qışa hazırlıq sürətlə gedir
Dünya İqtisadiyyat Xəbərlər

Avropa qaz anbarları 70%-ə çatdı – Qışa hazırlıq sürətlə gedir

Avropada yeraltı qaz anbarlarında ehtiyatlar sürətlə artır.

Gundelik.az Qaz İnfrastrukturu üzrə Avropa platformasının məlumatına istinadən xəbər verir ki, anbarların doldurulma səviyyəsi artıq 70%-ə çatıb. Bu tempin davam etməsi qış mövsümünə qədər hədəf səviyyəyə vaxtından əvvəl çatmağı mümkün edir.

İyulun 4-də qaz gününün nəticələrinə əsasən, Avropa üzrə anbarlarda qaz ehtiyatlarının orta səviyyəsi 69,96% olub. Bu, son beş ilin orta göstəricisindən 7,8 faiz bəndi aşağıdır. Hazırda gündəlik vurulma həcmi 300 milyon kubmetr təşkil edir ki, bu da ötən həftənin orta göstəricisi olan 377 milyon kubmetrə yaxındır. Aİ qaydalarına görə, anbarların noyabrın 1-dək ən azı 90% doldurulması tələb olunur. Hazırkı temp davam edərsə, bu hədəfə çatmaq mümkündür, çünki gündə 255 milyon kubmetr vurulması kifayət edir.

Qışa hazırlıq çərçivəsində Aİ qaz bazarında artan rəqabət, bərpa olunan enerji resurslarının azalması və “Qazprom” qazına çıxışın məhdudlaşdırılması ilə üzləşir. Keçən isitmə mövsümündə Avropa ən soyuq dörd qışdan birini yaşadı və ehtiyatlardan geniş istifadə edildi. Nəticədə mövsümün sonunda anbarlardakı qaz ehtiyatı 34%-dən də aşağı düşdü.

Hazırda anbarlara qazın vurulması əsasən mayeləşdirilmiş təbii qazın (LNG) idxalı hesabına təmin olunur. Avqustun əvvəlindən etibarən Avropa qaz şəbəkəsinə sutkada orta hesabla 300 milyon kubmetr LNG verilir. Əgər may ayında vurulma tempi beşillik ortalamadan aşağı idisə, iyun və iyulda bu göstəricilər xeyli artıb.

2025-ci ilin iyul ayında Avropa 11,3 milyard kubmetr (8,7 milyon ton) LNG qazı idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37% artım deməkdir. Terminalların istifadə səviyyəsi isə orta hesabla 47% təşkil edib.

Aparıcı TTF qaz qovşağında iyul ayında qazın qiyməti min kubmetr üçün orta hesabla 401 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% yüksəkdir. Eyni zamanda, Asiya bazarındakı JKM spot indeksi TTF-dən 10%-dən çox yüksək qiymət təklif edərək Avropa ilə qiymət fərqini artırıb.

Bu göstəricilər Aİ-nin qışa hazırlığını sürətləndirdiyini və enerji təhlükəsizliyinə önəm verdiyini göstərir.

Gundelik.az 

Exit mobile version