Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 41-ci İSEDAK (COMCEC) Nazirlər Toplantısının açılışında çıxış edib.
Gundelik.az xəbər verir ki, o, Suriyanın bərpası üçün yeni dəstək proqramının başladıldığını açıqlayıb.
“Əsas prioritetimiz qonşumuz Suriyanın bir an əvvəl ayağa qalxması və əvvəlki əzəmətinə qayıtmasıdır. Bu məqsədlə COMCEC çətiri altında Suriyaya xüsusi dəstək proqramına başlayırıq”, – deyə Ərdoğan bildirib.
Prezident qeyd edib ki, 14 il davam edən qarşıdurmalardan sonra Suriya bərpa dövrünə qədəm qoyub və Türkiyə nəqliyyat, təhsil, səhiyyə və sosial xidmətlər sahəsində bu ölkəyə dəstəyini davam etdirəcək. Onun sözlərinə görə, Ankara təşəbbüsləri nəticəsində Suriyaya qarşı tətbiq edilən sanksiyalar tədricən aradan qaldırılır.
Ərdoğan, həmçinin Qəzzada atəşkəsin əldə olunmasını alqışlayaraq, “İsrailin hücumlarının qarşısında ilk gündən durduq. Qəzzanın yenidən qurulmasında COMCEC-in aparıcı rol oynaması vacibdir”, – deyib.
Prezident Kipr türklərinə də dəstəyini ifadə edərək, “Kipr türk xalqını heç vaxt tək qoymayacağıq” sözlərini səsləndirib. O, Sudandakı qırğınlara da diqqət çəkərək, İslam dünyasını münaqişənin dayandırılması üçün birgə hərəkətə çağırıb.
Ərdoğan çıxışında vurğulayıb ki, İslam ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi qlobal qeyri-sabitlik fonunda daha da vacibdir.
Gundelik.az
