İyul 14, 2026
Baku
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Əncirin vətənində 42 növ yetişdirilir

Aralıq dənizi iqlim qurşağının möcüzəvi meyvələrindən sayılan əncirin vətəni Anadolu hesab olunur. Dünyanın yeganə Əncir Araşdırma İnstitutuna sahib olan Türkiyədə son qeydiyyatlardan sonra əncir növlərinin sayı 42-yə çatıb. Ölkədə 2024-cü ildə 375 min ton əncir istehsal edilib və ən çox ixrac Almaniyaya həyata keçirilib.

Araşdırmalara görə, əncir ilk olaraq Anadoluda yayılıb, buradan Suriya, Fələstin və Yaxın Şərqə, daha sonra isə Hindistan və Çinə qədər geniş coğrafiyaya yayılıb. Bu gün dünyanın bir çox ölkəsində yetişdirilsə də, ən çox üstünlük verilən əncir hələ də Türkiyədə istehsal olunan növlərdir.

Antioksidant baxımından zəngindir

Şirin dadı ilə seçilən əncir eyni zamanda güclü antioksidant mənbəyidir. Tərkibindəki lif, maqnezium, kalium və K vitamini sayəsində ürək və sümük sağlamlığını dəstəkləyir. Bu səbəbdən dietoloqlar sağlam qidalanma üçün ənciri tövsiyə edirlər.

Bununla yanaşı, əncir ağacının çox güclü kök sistemi divarlara və yeraltı infrastruktura zərər verə bildiyindən, türk dilində işlənən “Ocağına əncir ağacı dikmək” ifadəsi də məhz bu xüsusiyyətlə əlaqələndirilir.

Əncir növlərinin sayı 42-yə çatıb

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əncir Araşdırma İnstitutu 1938-ci ildə yaradılıb. İnstitut quru əncir istehsalında dünya lideri, təzə əncir istehsalında isə dünya üçüncüsü olan Türkiyədə bu məhsulun qorunması və yeni növlərinin yaradılması istiqamətində fəaliyyət göstərir.

Son iki yeni növün qeydiyyata alınması ilə ölkədə əncir növlərinin sayı 42-yə yüksəlib. Ən çox yetişdirilən və üstünlük verilən növlər arasında Sarılop, Sarızeybək, Divrək Qara, Akça, Bardakçı, Yeşilgüz, Bursa Qarası, Morgüz, Sultan Səlim, Siyah Orak və Beyaz Orak yer alır.

Genetik ehtiyatlar qorunur

Türkiyə və digər ölkələrdən toplanmış 284 dişi və 70 erkək əncir növü və genotipi Əncir Araşdırma İnstitutunun yaratdığı üç xüsusi bağda genetik ehtiyat kimi mühafizə olunur.

İnstitutda həmçinin hibridləşdirmə və mutasiya yolu ilə yeni növlərin əldə olunması, iqlim dəyişikliyinin məhsula təsiri, suvarma və gübrələmə üsulları, məhsulun saxlanma müddətinin artırılması, qurutma texnologiyaları, xəstəlik və zərərvericilərlə mübarizə, eləcə də yaxşı kənd təsərrüfatı təcrübələri üzrə elmi tədqiqatlar aparılır.

Türkiyə istehsalda liderdir

2024-cü ilin göstəricilərinə əsasən, Türkiyədə 375 min ton təzə əncir istehsal olunub. Bunun 209 min 590 tonu (55,89 faiz) Aydın vilayətinin payına düşür. İkinci yerdə 82 min 781 ton (22,07 faiz) ilə İzmir, üçüncü yerdə isə 33 min 79 ton (8,82 faiz) ilə Bursa qərarlaşıb.

2017–2023-cü illər ərzində ölkədə əncir bağlarının sahəsi 14 faiz, istehsal həcmi isə təxminən 16 faiz artıb.

Ən çox ixrac Almaniyaya edilir

Türkiyə quru əncir ixracının əsas hissəsini Avropa ölkələrinə həyata keçirir. Ən böyük bazarlar Almaniya və Rusiyadır. 2023-cü ildə ölkədən 54 min 64 ton əncir ixrac olunub və bunun hesabına 198,9 milyon ABŞ dolları gəlir əldə edilib. Həmin il təzə əncir ixracının 41 faizi Almaniyaya, 11 faizi isə Rusiyaya göndərilib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az