Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsini qəbul edib.
Gundelik.az xəbər verir ki, yeni qanunla Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılır.
Bu məqsədlə hazırlanan yeni qanun layihəsinə əsasən, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığından, Vergi Məcəlləsində bu məhsulların aksizli mal sayılması və onlara aksiz dərəcəsinin tətbiqi ilə bağlı normalar ləğv edilir. Təklif olunan layihə həm Vergi Məcəlləsindəki ləğv olunmuş maddələrə istinadları aradan qaldırır, həm də “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.
