Rəqəmsal transformasiyanın sürətləndiyi, texnologiyaların dövlət idarəçiliyindən gündəlik sosial münasibətlərə qədər bütün sahələrə nüfuz etdiyi bir dövrdə süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də siyasi və təhlükəsizlik məsələsidir. Xüsusilə informasiya müharibələrinin yeni mərhələyə keçdiyi indiki şəraitdə süni intellekt həm inkişafın aparıcı qüvvəsi, həm də potensial risk mənbəyi kimi çıxış edir.
Gundelik.az xəbər portalına müsahibəsində politoloq Elşad Mirbəşiroğlu süni intellektin siyasi sistemlərə təsiri, informasiya manipulyasiyası, kiber təhlükəsizlik çağırışları və dövlətlərin bu sahədə atmalı olduğu addımlar barədə ətraflı fikirlərini bölüşüb. Ekspert hesab edir ki, süni intellektin imkanlarından düzgün və etik çərçivədə istifadə sosial-iqtisadi inkişafı sürətləndirə bilər, lakin nəzarətsiz və destruktiv tətbiq siyasi sistemlər üçün ciddi təhdidlər yaradır.
Süni intellekt və informasiya müharibələri siyasi sistemlər üçün hansı riskləri yaradır?
Süni intellekt bu gün artıq cəmiyyət həyatının bütün sahələrinə nüfuz edib. İnsanlar müxtəlif peşə istiqamətləri üzrə onun imkanlarından geniş istifadə edirlər. Bu, inkişaf üçün mühüm hərəkətverici amildir. Lakin informasiya müharibələri kontekstində süni intellektdən neqativ məqsədlərlə istifadə siyasi sistemlər üçün ciddi risklər yaradır.
Xüsusilə “fake” məlumatların – saxta mətnlərin, görüntülərin və videoların hazırlanması və hədəf auditoriyaya yönləndirilməsi ictimai şüurun manipulyasiyasını asanlaşdırır. Süni intellekt vasitəsilə hansı sosial qrupların hansı informasiyaya daha həssas olduğu müəyyən edilir və informasiya hücumları dəqiq istiqamətləndirilir. Bu isə siyasi sabitliyə və dövlət institutlarına etimadın sarsılmasına səbəb ola bilər.
Kiber təhlükəsizlik sahəsində süni intellektin rolu necə dəyişib?
Əvvəllər kiber hücumlar daha ümumi xarakter daşıyırdı. Bu gün isə süni intellekt vasitəsilə sistemlərin zəif nöqtələri əvvəlcədən müəyyən edilir və hücumlar konkret hədəflərə yönləndirilir. Bu, hücumların effektivliyini artırır və nəticələrini daha ciddi edir.
Bundan əlavə, ayrı-ayrı şəxslərə qarşı informasiya hücumları – onların səsi və görüntüsündən istifadə olunaraq saxta materialların hazırlanması – cəmiyyət üçün əlavə təhlükələr yaradır.
Azərbaycanda süni intellekt sahəsində dövlət siyasətini necə qiymətləndirirsiniz?
2025-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin süni intellekt strategiyasının təsdiq edilməsi çox zamanında atılmış addımdır. Bu strategiya süni intellektin sosial-iqtisadi inkişaf naminə tətbiqini, müvafiq mərkəzlərin yaradılmasını, etik çərçivələrin müəyyənləşdirilməsini və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, dövlət başçısı hökumətin müşavirəsində süni intellektdən düzgün istifadənin vacibliyini, dövlət qurumlarında bu sahə üzrə məsul şəxslərin müəyyənləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu, məsələyə strateji yanaşmanın göstəricisidir.
Süni intellektin nəzarətdən çıxması ilə bağlı səslənən fikirlərə münasibətiniz necədir?
Süni intellekt çox böyük məlumat bazaları əsasında işləyir və inkişaf tempi yüksəkdir. Əgər onun fəaliyyətinə nəzarət mexanizmləri formalaşdırılmasa, müəyyən risklər yarana bilər. Buna görə də etik çərçivələrin qorunması, düzgün kontentin formalaşdırılması və texnoloji nəzarət mexanizmlərinin işlənib hazırlanması vacibdir.
Əks halda, insan süni intellekti idarə etməyi öyrənməzsə, süni intellekt insanları və cəmiyyətləri yönləndirməyə başlaya bilər ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Tərtib etdi: Jalə Əliyeva

