İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Elon Muskın OpenAI iddiası rədd edildi

Elon Musk ilə Sam Altman arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsində münsiflər heyəti Sam Altmanın xeyrinə qərar verib.

ABŞ-ın Kaliforniya ştatının Oakland şəhərində keçirilən məhkəmədə federal münsiflər heyəti Sam Altmanı, OpenAI şirkətini və şirkətin prezidenti Greg Brockmanı Elon Muskın irəli sürdüyü ittihamlardan təqsirsiz hesab edib.

Musk iddia edirdi ki, OpenAI rəhbərliyi şirkətin yaradılarkən müəyyən olunan prinsiplərini pozub, qeyri-qanuni gəlir əldə edib və qurumun qeyri-kommersiya məqsədini dəyişdirərək şəxsi qazanc əldə etməyə çalışıb. Lakin münsiflər heyəti bu iddiaları qəbul etməyib.

Qərar iki saatdan az davam edən müzakirədən sonra verilib və Muskın “xeyriyyə təşkilatının ələ keçirilməsi” ilə bağlı iddialarına ciddi zərbə hesab olunur.

Məhkəməyə sədrlik edən hakim Yvonne Gonzalez Rogers də münsiflərin qərarını dəstəkləyərək Muskın tələblərini rədd edib. Hakim bildirib ki, iş materiallarında münsiflərin nəticəsini təsdiqləyən kifayət qədər sübut var.

Münsiflər həmçinin Elon Muskın 2024-cü ildə açdığı iddianın qanuni müddəti keçdikdən sonra təqdim olunduğunu müəyyən edib. OpenAI tərəfi məhkəmədə bildirib ki, Musk şirkətin kommersiya modelinə keçid planlarından hələ 2017-ci ildən xəbərdar idi.

Qərardan sonra məhkəmə zalında tərəflərin vəkilləri sənədlərini toplayaraq zalı tərk ediblər. Hakim isə münsiflər heyətinin üzvlərinə təşəkkür olaraq imzalanmış kiçik ABŞ Konstitusiyası kitabçası hədiyyə edib.

OpenAI-ın baş hüquqşünası William Savitt məhkəmədən sonra keçirilən mətbuat konfransında bildirib ki, münsiflər həftələrlə davam edən ifadələri və yüzlərlə sübutu araşdırdıqdan sonra qərar veriblər. O, Muskın iddiasını “rəqibi zəiflətməyə yönəlmiş ikiüzlü cəhd” adlandırıb.

Elon Musk isə sosial şəbəkədə paylaşım edərək qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. O bildirib ki, məhkəmə işin mahiyyəti üzrə deyil, texniki səbəblərlə qərar çıxarıb.

Məhkəmə prosesində həm Sam Altman, həm Greg Brockman, həm də Satya Nadella ifadə veriblər. Musk məhkəmədə həmçinin Microsoft şirkətini Altmanın fəaliyyətinə yardım etməkdə ittiham etsə də, münsiflər Microsoftu da günahsız hesab edib.

Bu qərar texnologiya dünyasının ən çox müzakirə olunan məhkəmə proseslərindən birinə son qoyub. Dava OpenAI-ın yaradılma tarixi, şirkətin sonradan kommersiya modelinə keçməsi və Elon Musk ilə Sam Altman arasındakı münasibətlərin pisləşməsi barədə bir çox detalları üzə çıxarıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az