Kimya üzrə fəlsəfə doktoru Vilayət Məmmədov haqqında ədəbi-elmi düşüncələr
Ziyalı anlayışı cəmiyyətin mənəvi və intellektual inkişaf tarixində xüsusi yer tutan ali bir məfhumdur. O, yalnız müəyyən təhsil almış, elmi dərəcə qazanmış və ya kitab oxuyan insan demək deyil, cəmiyyətin vicdanını daşıyan, xalqın ağrılarını öz içində yaşayan, biliyini şəxsi maraqları üçün deyil, ümumi rifah naminə istifadə edən şəxsiyyətdir. Ziyalılıq insanın təkcə savadında deyil, onun düşüncə tərzində, mənəviyyatında, davranışında və həyat mövqeyində təcəssüm edir.
Tarix boyu xalqların inkişafında ziyalıların rolu əvəzsiz olmuşdur. Çünki cəmiyyətin gələcəyini yalnız iqtisadi və siyasi güc deyil, eyni zamanda düşünən beyinlər, sağlam təfəkkür və mənəvi dəyərlər müəyyən edir. Belə insan xalqını zamanın təhlükələrindən qorumağa çalışan, milli kimliyi yaşadan, insanlara yol göstərən mənəvi mayak rolunu oynayır. O, hadisələrə yalnız gündəlik maraqlar prizmasından baxmır, daha geniş və dərin düşünür, gələcəyi görməyə çalışır.
İnsan ömrü bəzən yalnız yaşanmış illərlə deyil, xidmət etdiyi dəyərlərlə ölçülür. Elə insanlar vardır ki, onların həyatı sadəcə şəxsi taleyin deyil, bütöv bir dövrün mənəvi xəritəsinə çevrilir. Belə ömür sahibləri yaşadıqları zamanı yalnız müşahidə etmir, həm də onu zəhməti, düşüncəsi, vətəndaş mövqeyi və vicdanı ilə formalaşdırırlar. Kimya üzrə fəlsəfə doktoru Vilayət Məmmədovun həyat yolu da məhz elm, vətənpərvərlik, ziyalılıq və məsuliyyət anlayışlarının vəhdətindən yaranan mənəvi bir yolun ifadəsidir.
Ağdamdan başlayan elm və xidmət yolu 1980-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində dünyaya göz açan Vilayət Məmmədovun uşaqlıq illəri Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərinə təsadüf etmişdir. Qarabağ bölgəsinin ağrıları, doğma torpağın taleyi, xalqın yaşadığı sarsıntılar onun düşüncə dünyasında və xarakterində dərin izlər qoymuşdur. Çünki insanın doğulduğu torpaq yalnız coğrafi məkan deyil, onun mənəvi kimliyinin başlanğıcıdır.
Elm yolunu seçmək isə hər zaman sadəcə peşə seçimi deyil, həm də düşüncə və məsuliyyət seçimidir. Vilayət Məmmədov bu yolu seçərkən kimyanın mürəkkəb və dərin sahələrinə üz tutdu. 2002-ci ildə Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin Kimya-Biologiya ixtisası üzrə bakalavr təhsilini başa vurması onun elmə bağlılığının ilk ciddi mərhələsi oldu. Ardınca Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirməsi onun xarakterindəki intizam və dövlətçilik düşüncəsinin təzahürü idi.
Sonrakı illərdə isə o, elm yolunda daha böyük əzmkarlıq nümayiş etdirdi. 2006-cı ildə Gəncə Dövlət Universitetinin “Qeyri-üzvi kimya” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirməsi artıq onun elmi potensialının formalaşdığını göstərirdi. Bu mərhələdən sonra həyatının əsas istiqaməti laboratoriyalar, elmi axtarışlar və tədqiqatlarla bağlı oldu.
Vialyət Məmmədov bilir ki, ziyalı olmaq böyük məsuliyyətdir. Çünki o, cəmiyyət qarşısında cavabdehlik daşıyır və həyatın bütün çətinliklərində öz prinsipiallığını qoruyur, ədalət və həqiqət uğrunda mövqeyini dəyişmir. Belə insanlar cəmiyyətin mənəvi dayağı hesab olunur. Onların sözü etibar, davranışı örnək, fəaliyyəti isə məktəb olur.
Vialyət Məmmədovun ən bariz xüsusiyyətlərindən biri də onun təvazökarlığıdır. Daşıdığı insani keyfiyyətlərlə yanaşı, bu xarakteri onun bir qiyafəsinə çevrilib sanki.
O, öz biliyini nümayiş etdirməyə çalışmır, əksinə, biliyin məsuliyyətini daşıyır. Çünki çox bilən insan həyatın mürəkkəbliyini daha yaxşı anlayır və daha səbirli olur. Aqil insan qarşısındakı insanın savadına, vəzifəsinə və sosial mövqeyinə görə deyil, insanlığına görə münasibət göstərir. O, cəmiyyətdə nifrət deyil, anlaşma yaratmağa çalışır.
Vilayət müəllimin ən böyük öncüllüyü onun elmi vəzifələri deyil, onun Elm adamı olmaq hər zaman ziyalı olmaq anlamına gəlmir. Çünki alilik yalnız elmi biliklə ölçülmür. Onda həm də vətən sevgisi, milli təəssübkeşlik, humanizm və yüksək mənəvi keyfiyyətlər vəhdət təşkil etməlidir. Belə insanlar xalqın ən ağır günlərində də öz
mövqelərini ortaya qoyur, çətinlikdən qaçmır, məsuliyyəti başqasının üzərinə atmırlar.
Azərbaycan tarixində də öncül insanlar milli düşüncənin formalaşmasında böyük rol oynamışlar. Onlar maarifçiliyin yayılmasına, milli özünüdərkin güclənməsinə, dövlətçilik ideyalarının yaşamasına xidmət etmişlər. Xalqın taleyüklü dövrlərində ziyalılar həmişə ön sırada dayanmış, millətin mənəvi müqavimət gücünə çevrilmişlər.
ARETN Kimya İnstitutunda keçdiyi fəaliyyət yolu ardıcıl zəhmətin və peşəkarlığın nümunəsidir. Böyük laborantdan başlayaraq kiçik elmi işçi, elmi işçi və daha sonra
böyük elmi işçi vəzifəsinədək yüksəlməsi yalnız vəzifə artımı deyil, elmi nüfuzun və etimadın göstəricisi idi. “Keçid metal birləşmələri əsasında funksional materiallar”
laboratoriyasında apardığı tədqiqatlar müasir kimya elminin aktual istiqamətlərindən biri hesab olunur.
Vilayət Məmmədovun elmi fəaliyyətində xüsusilə lantanoidlərin qarışıq kationlu oksisulfidləri əsasında lüminessent fazaların alınması və onların fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi istiqamətindəki araşdırmaları diqqət çəkir. Bu tədqiqatlar yalnız nəzəri deyil, həm də praktik əhəmiyyət daşıyan elmi nəticələr ortaya qoymuşdur. Onun 2021-ci ildə müdafiə etdiyi dissertasiya işi və 2022-ci ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması uzun illərin zəhmətinin elmi təsdiqi idi.
Alimin 42 elmi əsəri, məqalələri, beynəlxalq və respublika konfranslarında çıxışları onun elmə sistemli və məsuliyyətli münasibətinin göstəricisidir. Elm adamının əsas
xüsusiyyəti yalnız araşdırmaq deyil, həm də biliyi paylaşmaqdır. Vilayət Məmmədov bu baxımdan gənc və müasir Azərbaycan ziyalısının klassik xüsusiyyətlərini özündə birləşdirən şəxsiyyətlərdəndir. Vilayət Məmmədov eyni zamanda, xalqın ağrısına biganə qalmayan, cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss edən insandır. İkinci Qarabağ müharibəsi dövründə onun göstərdiyi fəaliyyət bunun bariz nümunəsidir. O, ön və arxa cəbhədə könüllü şəkildə iştirak etmiş, əsgərlərə və əhaliyə yardım göstərmiş, səngərlərin qurulmasında, müxtəlif təminat işlərində yaxından iştirak etmişdir. Bakıdan təkərlərin toplanaraq cəbhəyə göndərilməsi kimi təşkilati işlərdə fəallıq göstərməsi onun vətənpərvərliyinin sadəcə sözlə deyil, əməli fəaliyyətlə ifadə olunduğunu göstərir.
2022-ci ilin dekabrında Şuşa–Laçın yolunda keçirilən aksiya da onun milli məsələlərə münasibətinin nümunələrindən biridir. Yolun bağlanmasının ilk günlərində, insanların tərəddüd etdiyi bir vaxtda orada olması, gecə-gündüz ayaq üstə dayanaraq aksiyada iştirak etməsi vətəndaş mövqeyinin gücünü nümayiş etdirirdi. Çünki tarix hər zaman ilk addımı atanları xatırlayır.
Onun ictimai fəaliyyəti də diqqətəlayiqdir. Mərkəzi Seçki Komissiyasının seçki məntəqəsində uzun illər məsul vəzifədə fəaliyyət göstərməsi, prezident, parlament və
bələdiyyə seçkilərində məntəqə sədri kimi çalışması dövlətçilik ənənələrinə sədaqətinin göstəricisidir. Eyni zamanda, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzində kurator və imtahan rəhbəri kimi fəaliyyəti gənclərin gələcəyinə xidmət edən mühüm məsuliyyət sahəsidir.
Vilayət Məmmədovun həyat yolunda diqqəti çəkən əsas xüsusiyyətlərdən biri də sadəlik və mənəvi təvazökarlıqdır. O, laboratoriyada olduğu kimi cəmiyyət içərisində də məsuliyyətli, zəhmətsevər və etibarlı insan kimi tanınır.
Bu gün müasir Azərbaycan cəmiyyətinin ən çox ehtiyac duyduğu simalardan biri məhz elmi düşüncə ilə milli məsuliyyəti birləşdirə bilən ziyalılardır. Vilayət Məmmədovun həyat yolu göstərir ki, elm yalnız laboratoriyada deyil, həm də Vətənə xidmət fəlsəfəsində yaşayır. Belə insanlar cəmiyyətin mənəvi dayağı, dövlətin intellektual gücü və gələcəyin etibarlı təməlləridir.

AYNUR TURAN
Gundelik.az
