Ədəbi suprematizm:
Manekenlər – düz xətt boyunca yaşayanlar
Yaxınlığından keçərkən
bəzən
adama oxşadıb diksinirəm.
Üzünün donuq ifadəsindən,
soyuq baxışlarından
tanıyaram onları.
Görən beyni olsa nə düşünər,
nə keçər ürəyindən
qəlbi döyünsə:
təzim eləyər həvəslə
mağazaya gəlib-gedənlərə,
baxıb pəncərədən gülümsəyər
küçədən keçənlərin üzünə.
Yoxsa bezib
gözlərini daima eyni nöqtəyə zilləməkdən
baxışları uzanan düz xətt boyunca
çırpar özünü pəncərə şüşəsinə, –
əyilər düz xətt.
Sərilər küçəyə. Aparar özüylə
bir parça pəncərə şüşəsini – üzərində
soyuq baxışlarının izi.
Partlamış ürəyi qucağında,
üzündə qan-qarışıq təbəssüm
zilləyər gözünü laqeyd baxışlara,
təəccüb dolu gözlərə.
Bəlkə də
nə təzim eləyər, nə gülümsəyər,
nə də özünü çırpar şüşəyə.
Eləcə
ast-asta çıxıb qapıdan,
üz alar “heç yer”ə –
kəsişər düz xətlər.
Düz xətt boyunca yaşayar manekenlər;
real həyatın
gerçək üzü – manekenlər.
Xəyallar
özgə dünyanın gerçək hadisəsi,
eynən yuxu kimi. Yuxularsa
çin olmur bu dünyada həmişə.
Təəssüf, çox təəssüf,
real həyatın o biri –
astar üzü görünmür.
Manekenlər – düz xətt boyunca yaşayanlar,
adama oxşadıb diksinirəm.
Əli Şirin Şükürlü
riyaziyyatçı-filosof, fəlsəfə doktoru, yazar
Gundelik.az

