İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Ekvador Prezidentini zəhərləmək istədilər

Ekvador Prezidenti Daniel Noboa ona qarşı zəhərlənmə cəhdinin olduğunu təsdiqləyib. Dövlət başçısı bildirib ki, Los-Rios əyalətinə səfəri zamanı hədiyyə kimi təqdim edilən məhsulların tərkibində yüksək konsentrasiyada üç fərqli kimyəvi maddə aşkarlanıb.

Gundelik.az xəbər verir ki, Noboa CNN-ə açıqlamasında deyib: “Bu üç maddənin təsadüfən eyni məhsulda birləşməsi faktiki olaraq mümkün deyil”.

Ekvador KİV-lərinin məlumatına görə, prezidentin təhlükəsizlik xidməti oktyabrın 17-də Babahoyo şəhərində Noboya təqdim edilən mürəbbə və içkilərdə tionilxlorid, xloroetanolantrasen maddələrini aşkarlayıb.

“El Universo qəzetinin xəbərinə əsasən, oktyabrın 21-də hadisə ilə bağlı Los-Rios Əyalət Prokurorluğuna rəsmi şikayət təqdim olunub və Ekvador Cinayət Məcəlləsinin 341-ci maddəsi üzrə cinayət işi açılıb. Hazırda faktla bağlı istintaq aparılır.

Zəhərlənmə cəhdi ilə əlaqələndirilən iş qadını Yolanda Penafiel ittihamları rədd edərək, məhsulları evdə hazırladığını və şəxsən əsgərlərə təhvil verdiyini bildirib.

Qeyd edək ki, oktyabrın əvvəlində də etirazçılar Ekvador prezidenti Daniel Noboanın kortejinə hücum etmişdilər.

Gundelik.az