“Apple” şirkətinin 2027-ci ildə təqdim edəcəyi modelin “iPhone 19” deyil, “iPhone 20” adlanacağı bildirilir. Məlumata görə, bu qərar “iPhone” seriyasının 20 illik yubileyi ilə əlaqədardır.
Gundelik.az xəbər verir ki, Cənubi Koreyada yerləşən “ETNews” nəşrinin məlumatına görə, “Omdia” şirkətinin baş tədqiqatçısı Heo Moo-yeol Seulda keçirilən konfransda “Apple”ın 2027-ci il flaqman modelini “iPhone 20” adlandırmağı planlaşdırdığını açıqlayıb.
Məlumatda qeyd olunur ki, həmin il “Apple” bir neçə yeni cihaz təqdim etməyi nəzərdə tutur. 2027-ci ilin birinci yarısında büdcə seqmentinə aid, daha əlçatan “iPhone 18e” modeli satışa çıxarılacaq. İlin ikinci yarısında isə “iPhone 20″ seriyası, ikinci nəsil qatlana bilən “iPhone” və yeni “iPhone Air” modellərinin təqdimatı gözlənilir.
Bu addım “Apple”ın əvvəlki ənənəsini xatırladır. Şirkət 2017-ci ildə iPhone-un 10 illik yubileyi münasibətilə “iPhone 9″ modelini atlayaraq, “iPhone 8”lə yanaşı “iPhone X” (Roma rəqəmləri ilə 10) modelini təqdim etmişdi. “iPhone X” o dövrdə çərçivəsiz ekranı və “Face ID” texnologiyası ilə “Apple” üçün yeni dizayn dövrünün başlanğıcı sayılmışdı.
Ekspertlər hesab edirlər ki, 2027-ci ildə təqdim ediləcək “iPhone 20” modeli də şirkət üçün yeni bir mərhələnin simvoluna çevriləcək. Yubiley təqdimatında “Apple”ın həm tamamilə yenilənmiş dizayn dili, həm də innovativ texnologiyalar nümayiş etdirəcəyi gözlənilir.
Hələlik “Apple” bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Lakin sızan məlumatlara əsasən, şirkət “iPhone 20″ ilə “iPhone” tarixində yeni bir dövrün başlanğıcını elan etməyi planlaşdırır.
Gundelik.az
