Gundelik.az Elm və təhsil Ədəbiyyat Ruhun Dörd Pəncərəsi
Ədəbiyyat

Ruhun Dörd Pəncərəsi

Dünyam

Anam- anam idi işıqlı dünyam,
Onlar mənə həyat- ömür bəxş edib,
Qayğısız yaşadım, ərköyün gəzdim,
Unudulmaz heç zaman cəlallı dünyam,
Ölçüyə sığmayan sevincli dünyam.

Qoşa qanad kimi arxamda durub,
Məni qoruyardı hər bir bəladan,
Onların yoxluğu məni sarsıdıb,
Qəm- kədər içində çarpışan dünyam,
Məni niyə saldın dərdlərə dünyam?

Bu dünyanın gərdişinə nə deyim?
Özü verir, özü alır hər şeyi,
Çalışsaqda bütün mizan düz olsun,
Ancaq yenə öz axarındadır dünyam,
Düz işimi tamam əyir bu dünyam.

Ata- ana övlad üçün əzizdir,
Onların yoxluğu böyük kədərdir,
Nə qədər ağlayıb sıtqasaq da biz,
Geriyə dönüş yox, gedən qayıtmır,
Ölümlə pozuldu cəlallı dünyam.

Dünya nədir sənin qəstin- qərəzin?
İnsanlara belə tale yazırsan?
Sevinclə kədəri qoşa verirsən?
Beləcə aldadıb bizi üzürsən?
Niyə bu gedişi edirsən, dünyam?

 

Xaçın çayı
Qarabağın dağlarından,
Sərin buz bulaqlarından,
Qovuşaraq axıb gələn ,
Xaçın çayı, Xaçın çayı.
Ucsuz-bucaqsız düzlərdən,
Ahəstcə ötüb keçən,
Kür çayına suyun qatan,
Xaçın çayı, Xaçın çayı.
Obalara tez səs salan,
Onları erkən oyadan ,
Zəhmətə də alışdıran,
Xaçın çayı, Xaçın çayı.
Mənzilə tez çatmaq üçün,
Dərə ,təpədən keçərək,
Gecə -gündüz yol gedərək,
Hey tələsən, Xaçın çayı.
Bu yerlərin gözəlisən,
Hər tərəfi canlandıran,
Yaraşığın canlar alan ,
Xaçın çayı, Xaçın çayı.
Təbiətin füsunkarı,
Həmişə gur çağlayan,
Torpaqların ruhu,canı,
Xaçın çayı, Xaçın çayı.
Suyun hər an coşub ,daşan,
Sağa-sola hey can atan,
Bu ellərə həyat verən,
Xaçın çayı, Xaçın çayı.
Başlanğıcın buz bulaqdı,
Şəffaf suyun can dərmanı,
Çayların ən möhtəşəmi,
Xaçın çayı, Xaçın çayı.
Bu diyardan ötdükcə sən,
Torpaqlara can verirsən,
Həyat gülür, çöllər gülür,
Xaçın çayı, Xaçın çayı.
Məğrurluğa nişanəsən,
Dağ çayının incisisən,
Xalqımızın sərvətisən,
Xaçın çayı, Xaçın çayı.

Əskik olma bu məkandan,
Yurdumuzun baharısan,
Bərəkətli bir nemətsən,
Xaçın çayı , Xaçın çayı.
Ruhumuzsan ,canımızsan,
Elimizə yaraşıqsan,
Gözəllərin gözəlisən,
Xaçın çayı, Xaçın çayı.

 

Kəlbəcər

Füsunkardır el gözəli Kəlbəcər,
İstisuyu şəfa verən bulaqdır,
Sağlamlığın qibləsidir Kəlbəcər,
Suyu dərman, havası bal Kəlbəcər.

Dağ başında məskən salan Kəlbəcər,
Hərtərəfi şiş dağlarla bəzənən,
Tərtər çayı sağ yanından gur axan,
Cənnət kimi bir məkandır Kəlbəcər.

İnsanları vurğun edir özünə,
Təbiətin incə gülü Kəlbəcər,
Bizim elin yaraşığı Kəlbəcər,
Nə gözəlsən, dağ maralı Kəlbəcər.

Duman-çənə hey bürünür Kəlbəcər,
Gah gün çıxır, gah da yağır üstünə,
Qatar-qatar bulud ötür səmandan,
Dəyişgəndir təbiətin Kəlbəcər.

Oğuzların qədim yurdu Kəlbəcər,
Dədə Qorqud beşiyidir Kəlbəcər,
Haqqın bizə bəxşişidir Kəlbəcər,
Dağ vüqarlı əzəmətdir Kəlbəcər.

 

Ürək
Sevgi ilə yoğrulan,
Gecə-gündüz durmadan,
Fasiləsiz döyünən ,
Həsrətdən yanan ürək!
Həyəcanlar içində ,
Özünü oda atan ,
Hər an alışıb, yanan ,
Kömürə dönən ürək!
Ötüb keçən illərdə,
Dərd içində qovrulan,
Sevincdən mərhum olan,
Kədərlə dolu ürək!
Hər şeyi öncə duyan,
Vaxtında işin görən,
Təlatümlə çırpınan,
Coşaraq daşan ürək!
Məqsədləri anlayan,
Dərdlərə sinə gərən,
Sözündə bütöv olan,
Vüqarlı, mətin ürək!
Hər zaman öz yerində,
Sakitcə duran ürək,
Həyatın mənasını,
Bizə anladan ürək!
Dünyanın dərdin çəkən,
Həmişə mübariz olan,
Yolunu asta gedən,
Cəfakeş , dərdli ürək!
Zamanın qucağında,
Çalxalanıb durulan,
Dərdlərə dərman olan,
Əbədi yaşa, ürək!

Sabir Rüstəmoğu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü

Gundelik.az

Exit mobile version