20 ildir ki, hökumətin distant təhsil formasına qoyduğu qadağanın mahiyyəti şəxsən bizə məlum deyil. Bilmirəm ki, hökumətin burada məqsədi nədir. Yalnız ehtimallarım var.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz fikirlərini bölüşüb.
O, 30 ildir ki, İKT sektorda olduğunu və sektorda bəzi problemlərin həm qısa müddət, həm də uzun illər həllinin mümkün olmadığını bildirib: “Amma bunların çoxusunun səbəbləri bəlli olub. Məsələn, 2000-ci illərin əvvəli ozamankı rabitə naziri bir əmr imzalayaraq internetə senzura tətbiq etmişdi. Biz 2 il məhkəmələrdə onunla vuruşduq. Nəhayət, 3 ildən sonra həmin əmr ləğv edildi”.
O. Gündüz xatırladıb ki, 20-30 il texnoloji ixtisaslara qəbul olmaq istəyənlər, 10 il informatika fənni mənimsəməyinə baxmayaraq informatika əvəzinə kimyadan qəbul imtahanı verib: “Məhz bu amil ölkədə rəqəmsal transformasiyanı xeyli ləngidən amillərdən olub.
Nəhayət, uzun illər aparılan mübarizədən sonra, 2 il öncə bu problem də həllini tapıb.
Amma tam səmimi deyim ki, 20 ildir ki, hökumətin distant təhsil formasına qoyduğu qadağanın mahiyyəti şəxsən bizə məlum deyil.
Bilmirəm ki, hökumətin burada məqsədi nədir. Yalnız ehtimallarım var”.
“Nə üçün irəli getmək istəyən, bura investisiya yatıran, imkanı olan universitetləri arxadan zorla tutub saxlayırlar? Bunu anlamaq çox çətindir. Amma qonşu ölkələrin, dünyanın universitetləri bu təhsil formasını tanıyır, xidmət verir və bundan da milyonlar qazanır və inkişaf edirlər, rəqabətə də davamlı olurlar. Amma bizim hökumət distant təhsil forması ilə diplom alanların diplomlarını tanımaqdan imtina edir”, – deyə O. Gündüz qeyd edib.
“İndi də baxıram ki, hökumət handan-hana, nəhayət ki, “distant təhsil standartı” qəbul edib. Ümid edirəm, bu təhsil forması ilə qəbul elanı vermək də uzun çəkməz”, – deyə O. Gündüz əlavə edib.
Gundelik.az
