Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib.
Sənədə göz gəzdirəndə görmək olur ki, fənnin məzmununa köklü dəyişikliklər edilib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT məsələləri üzrə ekspert Osman Gündüz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, digər fənlər üzrə kurikulumlar sürətli yenilənsə də, informatika üzrə kurikulumun yenilənmməsi xeyli ləngimişdi:
“Girişdə sonuncu kurikulumun 2013-cü ildə təsdiqlənməsi qeyd olunsa da, əslində xatırlayıram ki, bundan öncəki kurikulumun əsas tezisləri 20 il öncə, Dünya Bankının dəstəyilə hayata keçirilən layihə çərçivəsində hazırlanmışdı.
Yuxarı siniflərdə müəyyən dəyişikliklər edilsə də, aşağı siniflərə ümumiyyətlə əl dəyilməmişdi.
Dərsliklər də əsasən məhz həmin köhnə kurikulum əsasında yazılırdı”.
Mütəxəssis bildirib ki, hazırda təsdiqlənən proqram yetərincə təkmildir: “Demək olar ki, müasir çağırışların tələbləri nəzərə alınıb. İnformatikanın ümumi məsələləri ibtidai və ümumi orta təhsil səviyyəsində, xüsusi məsələlərin (alqoritmlər, proqramlaşdırma, verilənlər, e-hökumət, e-təhsil, e-səhiyyə, rəqəmsal imza, kriptovalyutalar, rəqəmsal pul və s) isə tam orta təhsil səviyyəsində verilməsi nəzərdə tutulub”.
“Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, süni intellektlə əlaqəli yeni müddəalar daxil edilib.
Diqqət çəkən məqam həm də odur ki, informasiya təhlükəsizliyi tam yeni məzmun standartı olaraq qəbul edilib, bu sahə üzrə bilik və bacarıqlara ibtidai siniflərdən başlayaraq 11-ci sinfədək xüsusi yer ayrılıb.
Düşünürəm ki, bununla da informatika fənninin qarşısında duran əsas məqsədin reallaşdırılması, yəni şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, eləcə də onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları əldə edə bilmələri sahəsində bacarıq və vərdişlərin formalaşması daha da uğurla həyata keçiriləcək”, – O. Gündüz qeyd edib.
Mütəxəssis burada daha bir diqqətçəkən məqamın olduğunu vurğulayıb: “Məlumdur ki, ölkədə bir neçə ali təhsil müəssisəsi informatika müəllimi, riyaziyyat və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlayır.
Düzü, bilmirəm bu təhsil müəssisələri yeni kurikulumun hazırlanmasında iştirak ediblərmi. Amma görünən odur ki, bu cür köklü dəyişikliyə məruz qalan kurikulumdan sonra informatika müəllimi ixtisası olan ali təhsil müəssisələrində də proqramlar tam yenidən işlənməlidir”.
“Ümid edirəm, BDU, ADRU və digər universitetlər tez bir zamanda bunları nəzərə alacaqlar.
Əks halda, bu ixtisaslar üzrə universitetləri bitirənlərin yeni kurikulum üzrə tədris prosesini qurmaqda ciddi problemləri olacağı qaçılmazdır”, – deyə O. Gündüz əlavə edib.
Gundelik.az
