Çox vaxt insanın fərqinə varmadan, xüsusilə yuxu zamanı baş verən diş sıxma və diş qıcırdatma vərdişi səhərlər baş ağrısından çənə oynağı problemlərinə qədər bir çox narahatlığa səbəb olur. Stressin təsiri ilə yaranan bu vəziyyət müalicə olunmadıqda dişlərdə qalıcı zədələrə və xroniki ağrılara gətirib çıxararaq gündəlik həyatı çətinləşdirir.
Biruni Universiteti Diş Həkimliyi Fakültəsi Ağız, Diş və Çənə Cərrahiyyəsi kafedrasının müdiri Prof. Dr. Mustafa Cenk Durmuşların sözlərinə görə, yuxu zamanı qeyri-ixtiyari baş verən bu hal dişlərdə aşınma və çənə oynaqlarında ağrı yarada bilər.
O bildirib ki, diş sıxma problemi çox vaxt gizli şəkildə inkişaf edir və insanlar bunu əsasən səhərlər yaranan şikayətlərdən sonra anlayırlar. “Əgər səhər baş ağrısı ilə oyanırsınızsa, bunun səbəbi diş sıxma ola bilər. Bundan əlavə çənədə yorğunluq, üz əzələlərində ağrı, diş həssaslığı və qulaq ətrafında narahatlıq da əsas əlamətlərdəndir.”
Bruksizm adlanan bu vəziyyət zamanla dişlərin aşınmasına, çatlamasına və hətta qırılmasına səbəb ola bilər. Davamlı təzyiq çənə oynaqlarına da ciddi yük düşürür.
Mütəxəssis qeyd edir ki, müalicə olunmayan diş sıxma çənə oynaqlarında ağrıya, ağızın açılmasında çətinliyə və çeynəmə funksiyasının pozulmasına gətirib çıxara bilər. Bəzi hallarda xroniki baş ağrılarının səbəbi də məhz bu problem olur.
Diş sıxmanın yaranmasında əsas amillərdən biri stres və həyəcan hesab olunur. Müasir həyat tərzi, yuxu pozğunluğu və psixoloji gərginlik bu problemin artmasına səbəb olur.
Müalicə isə fərdi şəkildə planlaşdırılır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər. Gecə plakları dişlərə düşən təzyiqi azaldaraq aşınmanın qarşısını alır. Lazım gəldikdə stressin idarə olunması və digər mütəxəssis dəstəyi də müalicəyə daxil edilir.
Son illərdə bəzi hallarda masseter botoksu da tətbiq olunur. Bu üsul çeynəmə əzələlərinin həddindən artıq güclü işləməsini azaldaraq simptomları yüngülləşdirə bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
