Avqust 24, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dark patterns: Rəqəmsal dünyanın psixoloji tələləri

Saxta “bağla” düymələri, gizlədilmiş abunəliklər, aldadıcı pop-up pəncərələri… “Dark patterns” internet platformalarında istifadəçiləri manipulyasiya edən və gündəlik həyatımızda tez-tez qarşımıza çıxan rəqəmsal tələlərdir. Bir çox insan nəyə “klikləyərək” razılıq verdiyini fərq etmədən əlavə xərclərlə və ya mürəkkəb müqavilələrlə üz-üzə qalır.

“Pulsuz sına” düyməsinə kliklədikdən sonra fərqinə varmadan abunəlik müqaviləsinə razılıq vermək, səbətə əlavə etdiyiniz məhsulla yanaşı başqa məhsulların da avtomatik əlavə olunması, ləğv düymələrinin mürəkkəb interfeyslərin arxasında gizlədilməsi… Bütün bunlar internet dünyasında “dark patterns” – manipulyativ dizaynların ən geniş yayılmış nümunələri sırasındadır.

İstifadəçilərin sürətli düşünmə və qərarvermə vərdişlərindən yararlanan bu “qaranlıq nümunələr” bir çox insanın fərqinə varmadan istəmədiyi addımları atmasına səbəb olur. Avropa İttifaqı və ABŞ-da bu sahədə müəyyən addımlar atılsa da, hələ də hüquqi boşluqlar mövcuddur. Türkiyədə isə “Ticarət reklamları və haqsız kommersiya təcrübələri haqqında” qaydalar, “İstehlakçıların müdafiəsi haqqında” qanun, elektron ticarətin tənzimlənməsi və şəxsi məlumatların qorunması ilə bağlı qanunlar müəyyən müdafiə təmin etsə də, “dark patterns”ı birbaşa hədəf alan ətraflı hüquqi tənzimləmə hələ qüvvədə deyil.

Manipulyativ interfeyslər: “Maska” əslində kimin marağına xidmət edir?

İnformasiya texnologiyaları hüququ üzrə ixtisaslaşmış vəkil Nazlı Turhan “dark patterns”ı istifadəçinin məlumatlılıq səviyyəsini manipulyasiya etməklə müəyyən fayda əldə etməyə yönəlmiş dizaynlar kimi izah edir.

Onun sözlərinə görə, rəqəmsal platformalarda istifadəçi ilə qarşılıqlı əlaqəni təmin edən interfeyslərin əsas məqsədi insanların işini asanlaşdırmaqdır. Lakin müasir praktikada bu prinsip hər zaman qorunmur.

Turhan bildirir ki, interfeys nəzəri olaraq istifadəçi dostu görünsə də, praktikada tez-tez istifadəçinin əleyhinə nəticələrə səbəb olur. Marketinq məqsədləri ön plana çıxdıqda rahatlıq və istifadənin asanlığı ikinci plana keçir.

Onun fikrincə, keçmişdə mexaniki cihazlar sadə düymə və pedallarla idarə olunurdusa, rəqəmsal dövrdə arxa planda işləyən kodlar daha mürəkkəb və manipulyasiyaya açıq sistemlər yaradıb. Artıq bir qrafik üzərində toxunduğunuz tək bir işarə belə bir neçə fərqli nəticəyə səbəb olur.

“Demək olar ki, hər alış-verişdə qarşımıza çıxır”

Turhanın sözlərinə görə, “dark patterns” onlayn alış-veriş saytlarından sosial media platformalarına qədər demək olar ki, hər yerdə mövcuddur. Ən çox rast gəlinən nümunələr bunlardır:

Qəfil açılan pop-up pəncərələri: Sayta daxil olduqda qarşınıza böyük pəncərə çıxır və kupon, endirim və ya üzvlük təklifi ilə sizi tələsik qərar verməyə sövq edir.

Yanlış istiqamətləndirmə: “Pulsuz sına” düyməsinə kliklədikdə əslində fərqinə varmadan ödənişli abunəliyə razılıq verirsiniz.

Məxfiliklə bağlı manipulyasiya: Platforma “daha yaxşı istifadəçi təcrübəsi” vədi ilə şəxsi məlumatlarınızı istəyir, lakin bu məlumatlardan reklam hədəflənməsi kimi başqa məqsədlər üçün də istifadə edir.

Gizli xərclər: Əlavə ödənişlər ilkin mərhələdə göstərilmir və ödəniş zamanı ortaya çıxır. Məsələn, aviabilet alarkən baqaj və oturacaq seçimi üçün əlavə ödənişlərin son mərhələdə göstərilməsi.

Səbətə gizli əlavə etmə: Bir məhsulu səbətə əlavə etdikdə, xəbəriniz olmadan əlavə məhsulların da səbətə yerləşdirilməsi.

Hiyləli suallar: Sadə “Bəli/Xeyr” formasında verilməli olan sualın qəsdən mürəkkəb şəkildə təqdim edilməsi və istifadəçinin istəmədiyi seçimi işarələməsinə səbəb olması.

Confirmshaming: Elektron poçt bülleteninə abunə olmaq istəmədikdə “Yeniliklərdən xəbərdar olmaq mənim üçün vacib deyil” kimi utandırıcı ifadələrlə qarşılaşmağınız.

Məcburi davamlılıq: Pulsuz sına müddəti başa çatdıqdan sonra hesabınızın avtomatik şəkildə ödənişli abunəliyə keçirilməsi və abunəliyi ləğv etmək üçün çoxsaylı əlavə mərhələlərdən keçməyiniz.

Turhan qeyd edir ki, bunlar “dark patterns”ın ən sadə formalarıdır. İstifadəçilər bəzən sadəcə “X” işarəsini tapa bilmədikləri və ya düymələrin solğun rənglərlə gizlədildiyini görmədikləri üçün bilmədən abunəliyə və ya ödənişə cəlb olunurlar.

Etik müzakirə: “İstifadəçinin zəif tərəflərindən yararlanmaq”

“Dark patterns” yalnız hüquqi baxımdan deyil, etik aspektdən də müzakirə olunur.

Turhanın sözlərinə görə, insanlar çox vaxt “qıtlıq” və “sosial sübut” kimi koqnitiv qərəzlərin təsiri altında qalırlar.

“Dark patterns insan beyninin sürətli qərar vermək üçün istifadə etdiyi qısa yolları istismar edir. Bu da etik dizaynla kommersiya qazancı arasındakı gərginliyi daha da görünən edir.”

Onun fikrincə, istifadəçinin məlumatlandırılmış razılığına xələl gətirilməsi əsas istehlakçı hüquqlarının pozulmasına da səbəb olur.

Belə tələlərə düşənlər nə edə bilər?

Turhanın sözlərinə görə, ilk növbədə bu mövzuda məlumatlılığı artırmaq vacibdir.

“Dark pattern” səbəbindən zərər çəkdiyini düşünən istifadəçilərə platformadakı prosesi sənədləşdirmək, ekran görüntüləri götürmək və mümkün olduqda şikayət etmək tövsiyə olunur.

Türkiyədə birbaşa “dark patterns” anlayışını hədəf alan xüsusi qanun olmasa da, mövcud istehlakçı hüquqları, kommersiya reklamları və şəxsi məlumatların qorunması ilə bağlı qanunvericilik müəyyən hallarda hüquqi müdafiə imkanları yaradır.

Dünyada hansı tədbirlər görülür?

Turhanın sözlərinə görə, ABŞ-ın müxtəlif ştatlarında qüvvədə olan istehlakçıların aldadılmasına qarşı qanunlar yanıltıcı reklamları və yanlış məlumatları qadağan edir. Kaliforniyada isə istehlakçıların haqsız kommersiya təcrübələrinə qarşı hüquqi müdafiə imkanları mövcuddur.

Avropada isə GDPR, elektron məxfilik qaydaları və istehlakçıların haqsız kommersiya təcrübələrindən qorunmasına yönəlmiş müxtəlif hüquqi mexanizmlər “dark patterns” tipli manipulyasiyalara qarşı müəyyən müdafiə təmin edir.

Turhan hesab edir ki, bu qanunlar ümumi istehlakçı hüquqlarını və məlumatların məxfiliyini qorusa da, “dark patterns”a xüsusi olaraq yönəlmiş əlavə tənzimləmələrə və maarifləndirmə tədbirlərinə ehtiyac var.

O, dünyadakı nümunələr arasında TikTok-un İrlandiya Məlumatların Mühafizəsi Komissiyası tərəfindən uşaqları məxfiliklə bağlı müəyyən ayarlara yönləndirdiyi gerekçəsi ilə 345 milyon avro cərimələnməsinə də diqqət çəkir.

Türkiyədə isə “dark patterns”la bağlı birbaşa cəza tətbiqi olmasa da, şəxsi məlumatların qorunması sahəsində, o cümlədən “cookie”lərə dair tətbiq edilən inzibati cərimələr bu istiqamətdə mühüm xəbərdarlıq kimi qiymətləndirilir.

Rəqəmsal savadlılıq əsas müdafiə vasitələrindən biridir

Turhanın fikrincə, “dark patterns”la mübarizə yalnız qanunvericiliklə məhdudlaşmamalıdır. İstifadəçilərin rəqəmsal savadlılığının artırılması da böyük əhəmiyyət daşıyır.

İctimai maarifləndirmə kampaniyaları, təlimlər və şəffaf məlumatlandırma mexanizmləri istifadəçilərin bu manipulyativ üsulları daha asan tanımasına kömək edir.

İstifadəçilər qarşılaşdıqları rəqəmsal tələləri nə qədər tez tanısalar, bu üsullardan yararlanan platformalara qarşı etimadın itirilməsi də bir o qədər sürətlə baş verir. Şüurlu istifadə və diqqətli qərarvermə “dark patterns”la mübarizənin ən güclü vasitələrindən biridir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az