Gundelik.az Mədəniyyət və cəmiyyət Daha çox istehlak etməli olduğunuz 7 qida
Mədəniyyət və cəmiyyət Xəbərlər

Daha çox istehlak etməli olduğunuz 7 qida

Bu gün qida seçimi əvvəlkindən daha genişdir. Bu qədər seçim arasında zülal, lif və ya vitaminlərə üstünlük vermək isə çaşqınlıq yaradır.

Tədqiqatçılar bu suala cavab tapmaq üçün 1 mindən çox qidanı analiz edərək gündəlik qida ehtiyaclarını ən yaxşı qarşılayan məhsulları müəyyənləşdiriblər. Onların siyahısında daha çox istehlak edilməsi tövsiyə olunan 7 qida yer alıb.

Badam

Badam tək doymamış yağ turşuları və E vitamini ilə zəngindir. Müntəzəm istehlakının “pis” xolesterinin azalmasına və ürək-damar sağlamlığının dəstəklənməsinə kömək edə biləcəyi müəyyən edilib.

Araşdırmalardan birində 77 nəfər 12 həftə ərzində hər gün badam və ya keks istehlak edib. Nəticədə badam yeyən qrupda “pis” xolesterinin səviyyəsi daha aşağı, bağırsaq sağlamlığı isə daha yaxşı olub.

Badam həmçinin lif, kalium və faydalı yağlarla zəngindir. Tərkibində bağırsaq hüceyrələrinin qidalanmasına və faydalı bakteriyaların inkişafına kömək edən bütiratın yaranmasını dəstəkləyən maddələr var.

Pazı

Pazı antioksidantlarla zəngin yarpaqlı tərəvəzdir. Tərkibində nitrаtlar, polifenollar, maqnezium, K vitamini və lutein var.

Pazıdakı nitratlar orqanizmdə qan dövranını yaxşılaşdırmağa və qan təzyiqini aşağı salmağa kömək edən azot oksidinin yaranmasını dəstəkləyir.

Lutein göz və beyin sağlamlığı üçün, K vitamini isə qanın laxtalanması üçün vacibdir. Pazının faydalı maddələrini qorumaq üçün onu həddindən artıq bişirməmək tövsiyə olunur.

Su terəsi

Su terəsi brokoli və kələm kimi tərəvəzlərin daxil olduğu xaççiçəklilər fəsiləsinə aiddir.

Bu tərəvəz B qrup vitaminləri, C və E vitaminləri, kalsium, maqnezium və dəmirlə zəngindir. Tərkibində göz və immun sistemi üçün faydalı lutein və beta-karoten də var.

Su terəsindəki bəzi təbii birləşmələrin xolesterinin səviyyəsinə və orqanizmdə iltihabi proseslərə müsbət təsir göstərə biləcəyi araşdırılır. Tərkibində xərçəng hüceyrələrinin böyüməsinə təsiri laboratoriya şəraitində öyrənilən fenetil izotiosiyanat da var.

Çuğundur və yarpaqları

Çuğundur qədər onun yarpaqları da qida maddələri ilə zəngindir. Çuğundur yarpaqlarında kalsium, dəmir, K vitamini və B qrup vitaminləri, həmçinin antioksidant xüsusiyyətlərə malik fenolik birləşmələr var.

Bəzi araşdırmalarda çuğundur yarpağı istehlakının “pis” xolesterinin azalması ilə əlaqəli olduğu müşahidə edilib.

Laboratoriya tədqiqatlarında isə çuğundur yarpaqlarının oksidləşdirici zədələnmədən qoruyucu xüsusiyyətlər göstərə biləcəyi müəyyənləşdirilib. Bununla belə, mütəxəssislər bu nəticələrin insanlarda təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

Çia toxumları

Çia toxumları lif, zülal, omega-3 yağ turşuları və müxtəlif vitamin və minerallarla zəngindir. Onların ürək sağlamlığının və normal xolesterin səviyyəsinin dəstəklənməsinə kömək edə biləcəyi düşünülür.

Lakin çia toxumunun necə istehlak edilməsi də əhəmiyyətlidir. 2023-cü ildə aparılan laboratoriya araşdırmasına görə, toxumların üyüdülməsi onların tərkibindəki omega-3 yağlarının daha əlçatan olmasına kömək edir.

Çia toxumlarının xarici hissəsində liflə zəngin selikli təbəqə, daxilində isə əsasən yağlar yerləşir. Toxum bütöv halda istehlak edildikdə bəzi qida maddələri tam mənimsənilmir.

Balqabaq tumu

Balqabaq tumu tək və çox doymamış yağ turşuları, o cümlədən linoleik və olein turşuları ilə zəngindir. Bu maddələr ürək sağlamlığının qorunmasına kömək edir.

Balqabaq tumlarının sinir sisteminə mümkün qoruyucu təsirləri də araşdırılır. 2025-ci ildə siçanlar üzərində aparılan bir tədqiqatda balqabaq tumu verilən heyvanlarda narahatlıq, yaddaş və idrak göstəricilərində yaxşılaşma müşahidə edilib.

Lakin bu nəticələr heyvanlar üzərində əldə edildiyindən, eyni təsirlərin insanlarda olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Zəncirotu yarpaqları

Zəncirotu yarpaqları yaz aylarında geniş yayılır və salat, şorba, müxtəlif yeməklər və digər məhsullarda istifadə edilə bilər.

Bu yarpaqlar fenolik turşular, flavonoidlər, A, C, E, K və B qrup vitaminləri, həmçinin kalsium, maqnezium və dəmir kimi minerallarla zəngindir.

Tərkibindəki müxtəlif bitki birləşmələri antioksidant xüsusiyyətlərə malikdir. Zəncirotu yarpaqlarının sağlamlığa mümkün təsirləri ilə bağlı araşdırmalar davam edir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version