Təbiətin qoynunda, xüsusilə də dağlıq ərazilərdə yaşayan insanları fərqləndirən bir cəhət var: onların yanaqlarındakı təbii qızartı. Bu parlaq və sağlam görünüş bəzən romantik təsvirlərlə izah olunsa da, əslində bunun arxasında maraqlı tibbi səbəblər dayanır. Bəs dağda yaşayan insanların yanaqları niyə daha çox qızarır? Bu, sadəcə soyuq hava və ya fiziki fəallıqla bağlıdır, yoxsa, orqanizmin dağ mühiti uyğunlaşmasının bir nəticəsidir? Məhz bu suallar ətrafında məlumat almaq üçün biz bu dəfə söhbətimizi Daxili Xəstəliklər Uzamanı Əfsanə Bayramova ilə apardıq. Gəlin mütəxəssis fikirlərinə birlikdə nəzər salaq.
Müsahibəni təqdim edirik:
Əfsanə xanım, nəyə görə dağda yaşayanların yanaqları qızarır?
Dağlıq ərazilərdə hava nazik olur, yəni oksigen miqdarı dəniz səviyyəsinə görə daha azdır.
Bədən isə bu oksigen çatışmazlığını kompensasiya etmək üçün belə cavab verir:
•Damarlar genişlənir → dəriyə daha çox qan gəlir. Ona görə yanaqlar, burun, qulaqlar qızarır
•Bu, həm də orqanizmin “hava azdır, daha çox qan apar ki, hüceyrələr oksigen alsın” deməsidir.
Bəs, İkincili Polisitemiya nədir?
Normalda qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayı sabitdir.
Amma dağda yaşadıqda (yüksək rakım → az oksigen) bədən düşünür ki:
“Qanımı daha güclü edim ki, az oksigeni daha yaxşı daşısın.”
Bunun üçün böyrəklər eritropoetin adlı hormon ifraz edir → sümük iliyinə siqnal gedir → çoxlu eritrosit istehsal olunur.
Nəticə:
•Qanda eritrositlərin sayı artır.
•Bu vəziyyətə ikincili polisitemiya deyilir (yəni başqa bir səbəbin nəticəsi olaraq yaranır – burada səbəb oksigen azlığıdır).
Sadə dillə desək:
•Dağda hava seyrəkdir → oksigen azdır.
•Bədən özünü müdafiə üçün qırmızı qan hüceyrələrini artırır.
•Bu artıma görə insanların yanağı qızarır, qanları daha “qatı” olur.
Maraqlı məlumata görə Əfsanə xanım Bayramovaya təşəkkür edirik.
Gundelik.az
