İyul 8, 2026
Baku
Dünya

“Coca-Cola” üçüncü rübdə xalis mənfəətini 30% artırıb

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı “The Coca-Cola Company” 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 30% artırıb. Şirkətin göstəriciləri analitiklərin proqnozlarını da üstələyib.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə xalis gəlir 3,7 milyard dollar (və ya hər səhm üçün 0,86 dollar) təşkil edib. Bu göstərici ötən ilin müvafiq rübündə 2,84 milyard dollar və ya 0,66 dollar səviyyəsində idi.

Birdəfəlik maddələr istisna edilməklə düzəliş edilmiş qazanc hər səhm üçün 0,82 dollar olub ki, bu da LSEG analitiklərinin 0,78 dollar konsensus proqnozunu 6% üstələyib.

“Coca-Cola”nın rüblük gəliri 5% artaraq 12,46 milyard dollara yüksəlib. Bu rəqəm 12,39 milyard dollarlıq bazar gözləntisini geridə qoyub. Şirkətin üzvi gəlir artımı 6% təşkil edib.

Regionlar üzrə göstəricilərə baxdıqda, EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunda gəlirlər 1%, Şimali Amerikada 4%, Asiya-Sakit okean regionunda isə 11% artıb. Latın Amerikası regionunda gəlirlər 4% azalıb.

Məhsul kateqoriyaları üzrə satışlarda qazlı içkilərin satışı sabit qalıb, şirə, südlü və bitki mənşəli içkilərin satışında 3% azalma, su, idman içkiləri, qəhvə və çay satışında isə 3% artım qeydə alınıb.

Şirkət bu il üçün üzvi gəlir artımı proqnozunu 5–6% səviyyəsində saxlayıb və düzəliş edilmiş mənfəətin ötən ildəki hər səhm üçün 2,88 dollardan təxminən 3% artacağını gözləyir.

Məlumata görə, çərşənbə axşamı bazar öncəsi ticarətdə Coca-Cola-nın səhmləri 2,9% bahalaşıb, ilin əvvəlindən bu artım 9,9% olub.

Gundelik.az