Avqust 23, 2026
Baku
Dünya Xəbərlər

Claude süni intellektinə mətnlər üçün gizli su nişanı əlavə ediləcək

Anthropic Avropa İttifaqının qaydalarına uyğunlaşmaq məqsədilə Claude çatbotunun mətn yaratma üsulunu yeniləyəcəyini açıqlayıb. Şirkətin sözlərinə görə, dəyişiklik dekabrdan etibarən süni intellekt tərəfindən yaradılan bütün mətnlərdə su nişanının olmasını tələb edən Aİ qanunvericiliyinə uyğunlaşmaq məqsədi daşıyır.

Anthropic bildirib ki, bu su nişanı adi oxucu tərəfindən nəzərə çarpmayacaq və təsadüfi xarakter daşıyacaq.

Lakin texnologiya yazarı Con Qruber bu qərara etiraz edib. Qruber hesab edir ki, su nişanının tətbiqi mətnlərin keyfiyyətini məhdudlaşdıra və modeli daha az dəqiq sözlər seçməyə məcbur edir.

Süni intellekt modelləri cümlə qurarkən müxtəlif sözlər arasında kiçik seçimlər edir və bu seçimlərdə statistik təsadüfilik mövcuddur.

Məsələn, model müəyyən bir vəziyyəti təsvir edərkən “boz” və ya “tutqun” sözlərindən hansını seçəcəyini ehtimallara əsasən müəyyən edir. Anthropic-in yeni su nişanı texnologiyası məhz bu təsadüfi seçimləri dəyişdirərək yalnız xüsusi aşkarlama açarına malik sistemlərin müəyyən edə biləcəyi bir nümunə yaradacaq.

University College London-un kompüter elmləri professoru Stiven Merdok isə bu dəyişikliyin gözlə görünən ciddi təsir yaratmayacağını bildirib.

Qruberin əsas tənqidi su nişanının modelin növbəti sözü seçmək azadlığını məhdudlaşdıracağı ilə bağlıdır. Lakin ekspertlər vurğulayırlar ki, modellər onsuz da hər zaman ən ideal sözü seçmirlər.

Merdokun sözlərinə görə, təsadüfilik süni intellekt modellərinin əsas iş prinsiplərindən biridir. Bu ehtimallar olmasaydı, sistemlər dövrə düşərək eyni söz və ifadələri təkrar-təkrar istifadə edə bilərdi.

Aİ ərazisində fəaliyyət göstərən bütün süni intellekt şirkətlərinə şamil ediləcək bu qaydanın tələbə və akademiklərin süni intellekt tərəfindən yaradılmış mətnləri öz yazıları kimi təqdim etməsini çətinləşdirəcəyi gözlənilir.

Bununla yanaşı, ekspertlər su nişanı tətbiqinin daha bir mühüm məqsədinə diqqət çəkirlər. İnternetdə süni intellekt tərəfindən yaradılan məzmunun həddindən artıq artması gələcəkdə modellərin özlərinin yaratdığı məlumatlarla öyrədilməsinə və nəticədə keyfiyyətlərinin aşağı düşməsinə səbəb olur.

Beləliklə, su nişanı texnologiyasının məqsədi yalnız yanlış məlumatla mübarizə aparmaq deyil. Bu texnologiyanın çatbotların öz yaratdığı məlumatlarla təlim keçməsi nəticəsində keyfiyyət itkisinə məruz qalmasının qarşısını almağa da kömək etməsi hədəflənir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az