Rəqəmsal medianın sürətlə genişləndiyi bir dövrdə informasiya təhlükəsizliyi artıq hər bir dövlətin milli təhlükəsizlik prioritetinə çevrilib. Dezinformasiya dalğalarının güclənməsi, saxta xəbərlərin ictimai rəyə təsiri və sosial mediada nəzarətsiz informasiya axını cəmiyyətin etibarını sarsıdan əsas risklərdəndir.
Bu məsələlərin aktuallığını nəzərə alaraq siyasi ekspert Çingiz Şahbazi ilə rəqəmsal media mühitində dezinformasiyaya qarşı effektiv siyasi strategiyalar, mövcud hüquqi boşluqlar və cəmiyyətin maarifləndirilməsi kimi kritik məqamları müzakirə etdik. Onun fikirləri bu sahədə həm dövlətin, həm də cəmiyyətin üzərinə düşən vəzifələri daha aydın göstərir.
Müsahibəni təqdim edirik:
Rəqəmsal media və dezinformasiya təhlükəsinə qarşı hansı siyasi strategiyalar daha effektlidir?
Dezinformasiya təhlükəsinə qarşı hansısa mübarizə metodunun tətbiqinə başlanmasından əvvəl və hansısa prosedurun həyata keçirilməsindən öncə, ilk növbədə cəmiyyətin tələb və təkliflərinə yer verilməsi lazımdır və məhz bundan sonra bu istiqamətdə dövlət strategiyasınının hazırlanması üçün zəmin yaranır.Əlbətdə ki dezinformasiya şəbəkələrinə qarşı mübarizə ,bütün cəmiyyətlərdə yer alır və bu istiqamətdə mübarizə aparan təşkilatlar, heç şübhəsiz ki bunu müvafiq hüquqi baza əsasında həyata keçirirlər. Bizim ölkəmizdə də bu istiqamətdə müəyyən dərəcədə addımlar atılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər bir fərd və təşkilat yaydığı məlumatdan dolayı məsuliyyət daşıyır. Amma, bu kifayət edirmi ki, dezinformasiya şəbəkələrinə qarşı mütəşəkkil mübarizə mexanizmləri təşkil olunsun? Əlbətdə ki yox. Bu baxımdan, bu istiqamətdə qanunvericilikdə nəzərdə tutulan müvafiq maddələri simvolik xarakter daşıdığını qeyd etmək olar. Belə olan halda əlbətdə ki bu istiqamətdə boşluqların olmasından dolayı meydan, dezinformasiya şəbəkələri istifadəçilərinin nəzarətinə keçməsinə imkan yaranır.Bu baxımdan hesab edirəm ki, bu istiqamətdə dövlət strategiyasınının hazırlanmasına ehtiyac var və toplumun bütün təbəqələrinin mənafeyi və hüquqları bu layihənin maddələrində öz əksini tapmalıdır. Həmçinin sosial media platformalarında hesabatlılıq və şəffaflıq tələbləri qanunla tənzimlənməlidir və bunların nəzarət mexanizmi dövlət tərəfindən yox, ictimaiyyətin etibarını qazanmış müstəqil fakt-yoxla mərkəzləri tərəfindən həyata keçitilməsi daha məqbul hesab olunur. Bu istiqamətdə toplum və media arasında maarifləndirmə işləri aparılmalıdır. Azərbaycanda bu sahədə demək olar ki heç bir iş aparılmayıb və bu səbəbdən arada böyük fəsadların olduğunu göstərən kifayət qədər amillər var. Məktəblərdə, universitetlərdə və digər təşkilatlarda, sosial media savadlılığını artırmaq məqsədilə dərslərin və məlumatların verilməsi nəzərdə tutulmalıdır. Bu məlumatlar vətəndaşlar və professional media qurumları qarşısında məsuliyyətin artırılması üçün vacib məsələlərdir və dezinformasiya yayan şəbəkələrə qarşı mübarizə aparan toplumun hazırlanması istiqamətində mühüm addım hesab edilə bilər.Əlbətdə ki dövlət bu istiqamətdə qanunla müəyyən edilmiş təskilatlara sosial media platformalarının baş ofisləri ilə birgə çalışma izni verməlidir ki, fəaliyyət istiqamətləri daha effektiv olsun. Bu baxımdan yuxarıda qeyd etdiyim kimi, rəqəmsal media və dezinformasiya təhlükələrinə qarşı hansısa siyasi strategiya mexanizmini birmənalı şəkildə təqdim etmək doğru olmazdı. Bu ilk öncə hüquqi, texnoloji,siyasi və toplumsal səviyyədə paralel addımlar tələb edən kompleks prosesdir. Bunun nümunəsini, Baltikyanı ölkələrdə, Skandinaviya və Cənubi Koreyada, biz görürük. Bu ölkələrdə təcrübə onu göstərdi ki, rəqəmsal media və dezinformasiya təhlükələrinə qarşı, şəffaflıq, media savadlılığı, fakt-yoxla ekosistemi və bu sahədə təhlükəsizlik sinxronluluğu, kommunikasiya texnologiyalarının tətbiqi mövcud dezinformasiyanın təsirini kəskin şəkildə azaldan amillərdir. Bu strategiyanın həyata keçirilməsi Azərbaycan reallığında vacib komponentlərindən sayılır və faydalı olacağını düşünürəm.
Gundelik.az
