İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çin “xəyal mətbəxləri”nə qarşı mübarizəni gücləndirir

Çin hakimiyyəti ölkənin sərt rəqabətli qida çatdırılması sektorunda yeni hədəf seçib: əslində mövcud olmayan, lakin tətbiqlərdə restoran kimi görünən “xəyal mətbəxləri” (ghost kitchens).

Bu cür “restoranlar” sifarişləri üçüncü tərəf təchizatçılara ötürür. Həmin təchizatçılar yeməkləri daha aşağı xərclə hazırlayır ki, bu da satıcılara qiymətləri azaltmağa və mənfəəti artırmağa imkan verir.

Hakimiyyət orqanları Çinin müxtəlif bölgələrində minlərlə belə “xəyal mətbəxi” aşkar edib. Rəsmilər hesab edirlər ki, aşağı qiymətlər çox vaxt qida təhlükəsizliyi hesabına əldə olunur.

Bu həftədən etibarən çatdırılma tətbiqləri restoranların lisenziyalarını və ünvanlarını yoxlamağa məcburdur. Satıcılar isə onlayn məlumatların real fiziki bizneslə uyğun olmasını təmin etməli və müəssisədə yerində yemək xidmətinin olub-olmadığını göstərməlidirlər.

“Xəyal mətbəxləri” ilə bağlı araşdırmalar ötən il Pekində bir kişinin yeməyə yararsız güllərlə bəzədilmiş tortdan şikayət etməsindən sonra başlayıb.

Araşdırma zamanı məlum olub ki, həmin tort şəbəkəsi böyük elektron ticarət platformalarında təxminən 380 filial göstərsə də, əslində bir dənə də olsun fiziki mağazaya malik deyil. Bundan başqa, onlayn mağazaların saxta biznes lisenziyalarından istifadə etdiyi iddia olunub.

Davam edən yoxlamalar zamanı müəyyən edilib ki, şirkət sifarişləri qəbul etdikdən sonra onları başqa platformaya ötürür və orada sifarişlər ən aşağı qiyməti təklif edən müxtəlif üçüncü tərəf təchizatçılar arasında bölüşdürülür.

Dövlət xəbər agentliyi Xinhua News Agency ötən ay bildirib ki, iki sifariş ötürmə platformasında ümumilikdə 3,6 milyon tort sifarişi qeydə alınıb.

Araşdırmaçılar həmçinin yeddi əsas qida çatdırılması tətbiqində 67 min “xəyal mağazası” aşkar ediblər. Xinhua-nın məlumatına görə, bu mağazalar və sifariş ötürmə platformaları birlikdə “qarşılıqlı əməkdaşlıq yolu ilə qanunsuz təchizat zənciri” formalaşdırıblar.

Məlumata əsasən, bəzi çatdırılma platformaları da bu sistemə göz yumublar. Tətbiq əməkdaşlarından biri rəsmilərə bildirib ki, “yoxlamaları çox sərtləşdirsək, satıcılar başqa platformalara keçəcəklər”.

Çində onlayn qida çatdırılması sektoru son dərəcə rəqabətlidir. Ötən il iri şirkətlər arasında qiymət müharibəsi hökumətin “dibə doğru yarış” barədə xəbərdarlıq etməsinə səbəb olmuşdu. Bu rəqabətin əsas yükünü isə çox aşağı qazanc qarşılığında qısa müddətlərə sifariş çatdırmağa çalışan kuryerlər daşıyırlar.

Aprel ayında Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi bildirib ki, “xəyal mətbəxləri” ilə əlaqəli pozuntulara görə yeddi elektron ticarət platformasına ümumilikdə 3,6 milyard yuan (təxminən 530 milyon ABŞ dolları) məbləğində cərimə tətbiq edilib. Cərimələnən platformalar arasında Taobao, JD.com, Meituan və Pinduoduo da var.

Kampaniya davam etdikcə, bəzi sahibkarlar istehlakçıları qida təhlükəsizliyinə inandırmağa çalışırlar.

Xinhua-nın məlumatına görə, şərqdə yerləşən Hangzhou şəhərində 20-dən çox çatdırılma məntəqəsi canlı yayım funksiyalı “şəffaf mətbəxlər” quraşdırıb. Bu sistem vasitəsilə müştərilər yeməklərin hazırlanma prosesini real vaxtda izləyə bilirlər.

Qonşu Anhui əyalətində isə hakimiyyət ötən həftə Meituan, Taobao və JD.com ilə qida təhlükəsizliyi sazişi imzaladığını açıqlayıb. Saziş çərçivəsində mətbəxlərin süni intellekt vasitəsilə izlənməsi və qanunsuz fəaliyyət göstərən restoranlar barədə məlumat verən kuryerlərin mükafatlandırılması nəzərdə tutulur.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az