Çinin xarici işlər naziri Vanq Yi Vaşinqton administrasiyasını ABŞ prezidenti Donald Trampın tarif siyasəti ilə bağlı artan ticarət gərginliyində zorakılıq etməkdə ittiham edərək ölkəsinin bu məsələdə heç vaxt güzəştə getməyəcəyini vurğulayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Çinli nazir ABŞ administrasiyasının tarif siyasətində birtərəfli yanaşma tutduğunu və öz ölkəsinin maraqlarını bütün beynəlxalq ictimaiyyətin maraqlarından üstün tutduğunu bildirib.
Uzun müddətdir, azad ticarətdən böyük qazanc əldə edən ABŞ-nin digər ölkələrə həddindən artıq tələblərini tətbiq etmək üçün tariflərdən bir vasitə olaraq istifadə etdiyinə diqqət çəkən Vanq Yi güzəştlərin ABŞ-yə yalnız zorakılığı təşviq edəcəyini deyib.
Vanq Yi Çinin çoxtərəfli ticarət tərəfdaşlarını, eləcə də BRICS ölkələrini proteksionizmin bütün formalarına qarşı çıxmağa və mərkəzində Ümumdünya Ticarət Təşkilatının olduğu çoxtərəfli ticarət sistemini qorumağa çağırıb və onun qaydalarını qoruyacaqlarını bildirib.
ABŞ prezidenti Donald Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə qarşılıqlı tariflər tətbiq edəcəyini açıqlayıb.
Çinin cavabı ilə başlayan iki ölkə arasında tarif hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini 145%, Çin isə ABŞ-yə 125% gömrük tarifi tətbiq edib.
Vaşinqton administrasiyası Avropa Birliyi və digər ölkələrə tətbiq edilən əlavə tarifləri 90 gün təxirə saldığı halda, bu, Çinə şamil edilməyib.
ABŞ prezidenti Donald Tramp aprelin 25-də “Time” jurnalına verdiyi müsahibədə tariflərlə bağlı Çin sədri Si Cinpinlə danışdığını iddia edib və detalların lazımi vaxtda açıqlanacağını bildirib.
Pekin danışıqların aparıldığını inkar edib və Vaşinqtonu məsələ ilə bağlı ictimaiyyəti çaşdırmaqda ittiham edib.
Gundelik.az

